Xəbərlər
Çexiya və Azərbaycan etibarlı tərəfdaşlardır
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin inkişafında ölkələrin milli maraqları əsas istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra bu prinsip xarici siyasətimizin prioritetinə çevrilib. Milli suverenliyini tam bərpa etmiş və regionun əsas güc mərkəzlərindən birinə çevrilmiş Azərbaycanın əldə etdiyi uğurlar yeni dünya düzənində ölkəmizin mövqelərini möhkəmləndirməkdədir. Xüsusilə yaranmış yeni geosiyasi vəziyyətdə Avropa İttifaqı Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır və son illər ölkəmizin xarici siyasətində Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi mühüm yeri tutur.
Qarşılıqlı etimada və milli maraqlara əsaslanan münasibətlərimizin son illərdə yeni mərhələyə qədəm qoyduğu ölkələrdən biri də Çexiyadır. Avropa İttifaqının və eyni zamanda NATO-nun üzvü olan Çexiya Respublikası ilə münasibətlər son illərdə yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçıları səviyyəsində səfərlər isə iki dövlət arasında münasibətlərin dərinləşməsinə əlavə stimul verir. Cari ilin aprel ayının 27-də Çexiya Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri iki dövlət arasında münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Çexiya Respublikasının Baş naziri Andrey Babişin arasında təkbətək və geniş tərkibdə görüş keçirilmiş, Azərbaycanla Çexiya arasında bir sıra sahələrdə əməkdaşlığın dərinləşməsi istiqamətində müzakirələr aparılmışdır. Daha sonra isə hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış edərək Azərbaycan-Çexiya münasibətlərinin qarşılıqlı etimada və hər iki ölkənin maraqlarına əsaslandığı xüsusi vurğulanmışdır. Çıxışı zamanı cənab Prezident Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafından məmnunluğunu bildirmiş və ölkəmizin bu münasibətlərin dərinləşməsində maraqlı olduğunu bildirmişdir.
Hazırda iki dövlət arasında əlaqələr bir sıra sahələri əhatə etməklə çoxşaxəlidir. Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanla Çexiya arasında enerji, nəqliyyat, müdafiə sənayesi, həmçinin humanitar və mədəni sahələrdə uğurlu əməkdaşlığ həyata keçirilir. Azərbaycanın zəngin enerji ehtiyatları və Avropanın enerji bazarına etibarlı çıxışı Çexiya dövləti üçün də xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən beynəlxalq səviyyəli layihələr Azərbaycanla Çexiyanın enerji sahəsində əməkdaşlığının yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verir. Çıxışı zamanı hər iki dövlətin müxtəlif sahələrdə əməkdaşlığına toxunan cənab Prezident xüsusi vurğulamışdır ki, “Uzun illərdir Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır və əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir.” Dövlətimizin başçısı həmçinin qeyd etmişdir ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.
Həmçinin, iki dövlət arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi istiqamətində də bir sıra məqsədyönlü addımların atılmasını nəzərdə tutan və hər iki dövlət başçısının iştirakı ilə Qəbələdə keçirilmiş Azərbaycan-Çexiya biznes-forumu bu istiqamətdə atılmış önəmli addım oldu. Bütün bunların fonunda qeyd etməliyik ki, Çexiya Respublikasının Baş nazirinin ölkəmizə rəsmi səfəri Azərbaycanla Çexiya arasında bütün sahələrdə olan möhkəm əlaqələrin daha da inkişaf etməsinə mühüm töhfə verəcəkdir.
