Xəbərlər
Prezident İlham Əliyevin Azərbaycan idmançılarına dəstəyi onları növbəti parlaq qələbələrə ruhlandırır
Ramid Namazov
Milli Məclisin deputatı
Azərbaycanda idmana göstərilən davamlı dövlət qayğısı sayəsində idmançılarımızın beynəlxalq yarışlarda və çempionatlarda qazandığı uğurlar dayanmadan artmaqdadır.
Bu günlərdə Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında mübarizə aparan güləşçilərimizin yüksək nəticələr göstərərək Azərbaycan bayrağını dalğalandırmaları daha bir qürurverici hadisəsi olmaqla, ölkəmizin idman tarixinə yazılan növbəti qələbə səhifəsidir.
Komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edən Prezident İlham Əliyev bu qalibiyyəti yüksək dəyərləndirərək güləşçilərimizin Avropada birinci olmasını böyük nailiyyət adlandırıb.
Həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilərimizin yüksək nəticə göstərmələri tarixi qələbədir. İdmançılarımızın xüsusi peşəkarlıqları sayəsində rəqiblərini ədalətli mübarizədə məğlub etmələri Azərbaycan güləşinin uğurla inkişafının nəticəsidir.
İdman yarışları böyük hadisə olmaqla həm də ölkənin inkişafının bir göstəricisi, cəmiyyətin ayrılmaz hissəsidir. Bu inkişafı təmin edən dövlət və idmançılarımızın birliyi Azərbaycanın beynəlxalq miqyasda nüfuz və mövqeyini də əks etdirir. Hər dəfə Azərbaycan bayrağı yüksək arenalarda dalğalananda xalqımız qürur hissi keçirir, öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amilə çevrilir.
Ümumilikdə, Milli Olimpiya Komitəsi rəhbərliyinin idmana və federasiyalara, idman cəmiyyətlərinə yüksək qayğısı və dəstəyi sayəsində böyük idmançılar və onları hazırlayan dünya səviyyəli peşəkar məşqçilər nəsli yetişir, vətənpərvərlik və qələbə rəmzinə, cəmiyyətimizin milli qürur simvoluna çevrilən bu prosesin aparıcı qüvvəsi kimi düzgün yetişdirilən gənc nəsil beynəlxalq yarışlarda saysız qalibiyyətlərə imza ataraq Azərbaycanın adını daim ucaldırlar. Bu, bir daha onu təsdiqləyir ki, idman nəsli dəyişsə də, ənənə öz uğurlu inkişaf xətti ilə davam edərək yeni nailiyyətləri gətirir, ölkə idmanını zirvələrə çatdırır, Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir.
Mövcud vəziyyət həm də onu nümayiş etdirir ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla ümummilli hərəkata çevrilib, bu zəfər hərəkatının məsuliyyətini öz çiyinləri üzərinə götürmüş Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev 30 ildir ki, bu sahəni bir an diqqətdən kənarda qoymur, idmançılarla sıx ünsiyyətdə olur idmana vacib sahələrdən biri kimi yanaşaraq onun dayanıqlı inkişafı, uğurların ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsini siyasətimizin mühüm prioriteti hesab edir.
Dövlət xətti ilə idman sektorunda bir çox proqramlar icra olunur, idman infrastrukturu daha da möhkəmləndirilir və regional səviyyədə inkişaf təmin edilir. Bölgələrdə idmanla məşğul olmaq üçün hər bir şərait təmin edilir, məşqçi korpusları xüsusi diqqətdə saxlanılır. Bu gün yeniyetmə və gənc idmançılarımız üçün əlçatanlıq və xidmət infrastrukturu olduqca yetərlidir.
Məhz bu ali diqqətin sayəsində Azərbaycan idmanının ümumi inkişafı öz dinamik tempini qoruyub saxlayır, idmançılarımızın güclü qələbə əzmi sayəsində ildən-ilə yeni müvəffəqqiyətlərə doğru irəliləyir. Azərbaycan idman ölkəsi kimi həm də ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi edərək özünün nümunəvi təşkilatçılıq qabiliyyəti ilə idmanın populyarlaşmasına öz töhfəsini verir. Ötən illərdə ən nüfuzlu idman çempionatları ölkəmizdə ən yüksək təşkilatçılıqla dünya idman ictimaiyyətinə təqdim edilib, yarışlara qatılan xarici qonaqlar bu mükəmməl ev sahibliyinə görə dövlətimizə öz minnətdarlıqları bildiriblər.
Cənab Prezidentin də vurğuladığı kimi, bizim təcrübəmiz böyükdür, çox böyük beynəlxalq yarışlar – Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını və digər tədbirləri keçirmişik. Ötən il MDB Oyunlarını paytaxtdan kənarda, bölgələrdə keçirilməklə yeni bir təşkilatçılıq məharətini ortaya qoydu. Bütün bunlar onu göstərir ki, təşkil edilən digər beynəlxalq turnirlər Azərbaycanın idman yarışlarında layiqli ev sahibi olmasını təsdiqləyir, ölkəmizin çox güclü potensialını nümayiş etdirir.
İdmançılarımız isə öz növbəsində vətənpərvər, mübariz və əzmkar olmaqla yanaşı, həm də milli qürurumuzun təmsilçiləridir, onlar cəmiyyətdə özlərini layiqincə apararaq gənc nəslə örnək olurlar. Bir sözlə, Azərbaycan milli komandasına Prezidentin və dövlətin yüksək qayğısı, oradakı münbit ab-hava, ruh yüksəkliyi, vahid ailə birliyi və tarixi ənənə beynəlxalq yarışlarda idmançılarımızın qələbə əzmini daha da möhkəmləndirir.
