YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük uğurlar, yeni hədəflər

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatnın sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərimizin qəbul edilməsi ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan idmanının növbəti böyük uğuru hər birimizi qürurlandırır. Avropa çempionatında komanda hesabında çempion olaraq tarix yazan güləşçilərimiz bir daha sübut etdilər ki, Azərbaycan idman ölkəsi kimi beynəlxalq arenada öz gücünü və nüfuzunu qoruyub saxlayır. Bu möhtəşəm qələbə təkcə idman nailiyyəti deyil, eyni zamanda xalqımızın birliyinin, gənclərimizin əzmkarlığının və vətənə bağlılığının parlaq təzahürüdür.

Dövlət başçısının idmançılarla görüşü zamanı səsləndirilən fikirlər bir daha göstərdi ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu diqqət və qayğı nəticəsində Azərbaycan güləş məktəbi bu gün dünyanın ən güclü məktəblərindən biri kimi tanınır və uğurla inkişaf edir. Güləşçilərimizin qazandığı bu böyük zəfər gənc nəslə də mühüm mesajdır. Bu uğur göstərir ki, zəhmət, əzmkarlıq və dövlət dəstəyi ilə ən yüksək zirvələri fəth etmək mümkündür. İnanırıq ki, bugünkü nailiyyətlər gələcəkdə daha böyük qələbələrin əsasını qoyacaq.

Qazanılan uğurlarda məşqçilərin, mütəxəssislərin və federasiya nümayəndələrinin də böyük zəhməti var. Sistemli və məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan güləşçiləri beynəlxalq yarışlarda daim yüksək nəticələr göstərirlər və ölkəmizi layiqincə təmsil edirlər. Əminik ki, idmançılarımız bundan sonra da Azərbaycan bayrağını beynəlxalq arenalarda yüksəklərdə dalğalandıracaq, yeni qələbələrlə xalqımızı sevindirəcəklər. Dövlət başçısı tərəfindən onların mükafatlandırılması isə bu zəhmətə verilən yüksək dəyərin göstəricisidir.

Azərbaycan güləşçilərinin Avropa çempionatındakı parlaq çıxışı ölkəmizin idman tarixində mühüm yer tutur və milli qürur mənbəyidir. Bu qələbə həm də sübut edir ki, Azərbaycanda həyata keçirilən uğurlu gənclər və idman siyasəti öz real nəticələrini verməkdədir. Biz də öz növbəmizdə idmançılarımızı ürəkdən təbrik edir, onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzulayırıq.