Xəbərlər
İdmançılar xalqımıza qələbə sevinci bəxş edirlər
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçdi. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən işlər yüksək qiymətləndirilir. Hər bir uğur görülən işlərin, onların fonunda qazanılan nailiyyətlərin təqdimatıdır. Azərbaycan dünyada idman ölkəsi kimi nüfuz qazanır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Onu da qeyd edək ki, ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançılar və onların məşqçilər ilə görüşü bütün bu məqamlara bir daha işıq saldı. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
İdmançılarla görüşlərinin müntəzəm xarakter daşıdığını bildirən cənab İlham Əliyev 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etdiyini diqqətə çatdırdı. Vurğuladı ki, bu 30 ilə yaxın müddət ərzində, əlbəttə, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi gözümün önündə keçib: “Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin. Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər”.
Ölkəmizdə idmanın inkişafı sistemli və davamlı xarakter daşıyır. Müxtəlif idman növləri üzrə federasiyalar fəaliyyət göstərir və onların işi dövlət tərəfindən dəstəklənir. Cənab İlham Əliyev görüşdə bu məqamı da qeyd etdi: “Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları. Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək”.
Dövlətimizin başçısı İlham Əliyevin idmançılarla müntəzəm görüşləri, onların uğurlarını yüksək qiymətləndirməsi və göstərdiyi diqqət növbəti qələbələrə böyük stimuldur. Hər dəfə beynəlxalq yarışlarda Bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir.
