Xəbərlər
“Müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir!”
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının və Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir!” adlı tədbir keçirilib.
Bərdə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Bərdə RİH-in başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Bərdə şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev ideyaları əbədi qalibiyyət mənbəyidir!” adlı videoçarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev giriş sözü ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev bu gün dünya miqyasında tanınan müasir və müstəqil Azərbaycanın qurulması, inkişafı və tərəqqisində əvəzsiz rol oynamış, ağır ictimai-siyasi və sosial-iqtisadi böhran şəraitində olan ölkəmizi uçurumdan, yox olmaq təhlükəsindən və daxili çəkişmələrdən xilas etmişdir. Ulu Öndərin iradəsi, cəsarəti, qətiyyəti, uzaqgörən və müdrik siyasəti nəticəsində xalqımızın Qarabağ həsrətinə son qoyulduğunu vurğulayan Vidadi İsayev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən qüdrətli, sürətlə inkişaf edən və aparıcı dövlətlərindən birinə çevrildiyini, hər birimizin bugünkü Azərbaycana görə Ulu Öndər Heydər Əliyevə, ölkəmizin parlaq gələcəyinə görə isə cənab Prezidentimiz İlham Əliyevə minnətdar olduğumuzu diqqətə çatdırıb.
Sonra Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli qurtuluşunun və dövlət müstəqilliyinin xilaskarı kimi tarixə əbədi həkk olunub. O bildirib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün ölkəmizin davamlı inkişafını təmin edir və Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev ideyaları dayanır.
Sonda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam etdirilib.
