Xəbərlər
Qarabağ bölgəsinə səfər təşkil olunub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının təşəbbüsü ilə Qarabağ bölgəsinə səfər təşkil olunub.
Səfərdə təşkilatın əməkdaşları, şəhid ailələrinin üzvləri və ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər. Tur Ağdam şəhərindən başlayıb. İştirakçılar əvvəlcə Ağdam Cümə Məscidini və Ağdam Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Səfər çərçivəsində iştirakçılar Əsgəran qalası ilə yaxından tanış olub, tarixi abidənin əhəmiyyəti barədə məlumat əldə ediblər.
Daha sonra nümayəndə heyəti Xankəndi şəhərinə yollanıb. Burada iştirakçılar Zəfər meydanını ziyarət edərək Azərbaycan Ordusunun şanlı Qələbəsini əks etdirən bu məkanda şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Səfər iştirakçıları həmçinin Qarabağ Universiteti ilə tanış olublar. Universitetdə yaradılan müasir təhsil infrastrukturu, tədris prosesi və tələbələr üçün formalaşdırılmış şərait barədə onlara ətraflı məlumat verilib.
İştirakçılar universitet rəhbərliyinə göstərilən yüksək qonaqpərvərliyə və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Qarabağ Universitetinin fəaliyyəti bölgənin intellektual və elmi potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, Qarabağda yeni həyatın formalaşdırılması, müasir təhsil ocaqlarının yaradılması və bölgənin yenidən qurulması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının və əsasını qoyduğu dövlətçilik xəttinin uğurla davam etdirilməsinin bariz nümunəsidir. Vurğulanıb ki, Ulu Öndərin “təhsil millətin gələcəyidir” ideyası bu gün azad Qarabağda real nəticələrlə öz təsdiqini tapır və gənc nəslin formalaşmasına mühüm töhfə verir.
