YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyası XXI əsrin geosiyasi güc mərkəzlərindən birinə çevrilib

“Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının bu günlərdə Qazaxıstanın Türküstan şəhərində qeyri-rəsmi Zirvə görüşü keçirildi. Hər bir görüş bütün dövrlər üçün aktuallığını qoruyan Türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsinə töhfədir. Bu görüşlər, eyni zamanda, Azərbaycanın bu birliyə verdiyi töhfələrinin, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən təşəbbüslərinin təqdimatında əhəmiyyətli rol oynayır. Reallıq budur ki, Azərbaycanın təşəbbüsləri, irəli sürdüyü regional layihələr və təşkilat daxilində fəal diplomatik fəaliyyəti TDT-nin institusional inkişafına, əməkdaşlıq mexanizmlərinin genişlənməsinə və Türk dünyasında siyasi həmrəyliyin güclənməsinə stimul verir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən cənab İlham Əliyevin çağırışlarında bu məqamlar da xüsusi qeyd edilir ki, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə  əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə  tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq.

Türküstan Zirvə görüşü bir daha bu məqamlara aydınlıq gətirdi. Belə ki, dövlətimizin başçısı İlham Əliyev çıxışında öncə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə, o cümlədən Qazaxıstanla ikitərəfli əlaqələrimizin yüksələn xətlə inkişafında qarşılıqlı səfərlərin rolunu vurğuladı. Bildirdi ki, qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində olmaqdan çox məmnunam.  Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır. Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə Prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, Azərbaycan Prezidentinin Qazaxıstana səkkizinci səfəridir. Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər edib.  Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldib”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yolu fonunda qarşıdakı dövr üçün çağırışlar öz əksini tapdı: “Dövlətimizin başçısı vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir. Diqqəti Azərbaycanın 17-22 may tarixlərində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyinə yönəldən cənab İlham Əliyev tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkil ediləcəyini də bildirdi. Türk dünyasının həmrəyliyinə  yönələn addımlar sırasında türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin iyun ayında Bakıda keçiriləcəyi də vurğulandı və bu əminlik ifadə edildi ki, tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək. “Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” çağırışını edən Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı”.

Malik Həsənov vurğulayıb ki, Zirvə görüşünün mövzusu  müasir dövrün əsas çağırışlarındandır. “Süni intellekt və rəqəmsal inkişaf” mövzusu ətrafında çıxışlar, aparılan müzakirələr hər bir ölkənin bu sahədə uğurlarının təqdimatında mühüm rol oynadı, hədəflərə yüksək səviyyədə nail olmaq üçün birgə səylərin göstərilməsinin, təcrübə mübadiləsi aparılmasının vacibliyini bir daha təsdiqlədi: “Çıxışlarda yeni texnologiyalar sahəsində əlaqələrin inkişafının prioritetliyi xüsusi qeyd edildi.  Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Zirvə görüşünün mövzusu dövrümüzün çağırışlarını və prioritetlərini əks etdirir. Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır. Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. Azərbaycanın qazandığı uğurlardan bəhs edən cənab İlham Əliyev qeyd etdi ki, rəqəmsal suverenliyimizin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır. Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir. Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir”.

Millət vəkili bildirib ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində davamlı addımlar atılır: “Quruma üzv dövlətlər arasında əlaqələrin inkişafı üçün bütün imkanlar mövcuddur. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzindədir.  Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması, tranzit və logistika imkanlarının genişləndirilməsi türk dövlətlərinin iqtisadi əlaqələrinin güclənməsinə mühüm töhfə verir. Enerji sahəsində əməkdaşlıq da Türk Dövlətləri Təşkilatı çərçivəsində prioritet istiqamətlər sırasında yer alır. Azərbaycan zəngin enerji resursları ilə regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, yaşıl enerji gündəliyi və bərpaolunan enerji sahəsində əməkdaşlıq türk dövlətləri arasında yeni strateji istiqamətlərdən biridir. Türk xalqlarının ortaq tarixi-mədəni irsinin qorunması, təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, gənclər və media platformalarının inkişafı təşkilatın humanitar gündəliyində mühüm yer tutur. Göründüyü kimi, Türk dünyasının birliyi, Türk Dövlətləri Təşkilatının çoxtərəfli əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylər daha da artırılır, yeni prioritetlər müəyyənləşdirilir”.

DİGƏR Xəbərlər Arxiv