Xəbərlər
Tarixinə sahib çıxan xalq məğlubedilməzdir
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
108 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev belə dəyərləndirmişdir: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.” Bu qiymətləndirmənin davamı olaraq cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirərək bildirir ki, müsəlman Şərqində ilk parlament respublikası- Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi tariximizə sahibliyimizi, eyni zamanda, hər bir səhifəsinin bizim üçün əziz olmasını və öyrənilməsinin vacibliyini bir daha nümayiş etdirdi. Həmin Sərəncamda qeyd olunduğu kimi, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları araşdırıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın müstəqil gələcəyi üçün mühüm işlər görmüşdür. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr müstəqilliyimizin xilası kimi xarakterizə edilir. Ümummilli Lider qayıdışı ilə Azərbaycanı böyük faciələrdən, təhlükələrdən xilas etdi, müstəqilliyimizi daimi və əbədi etdi. Ulu Öndər adını tariximizə müstəqilliyimizin, Onun layiqli davamçısı cənab İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıdıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
Müstəqillik Gününün ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması şəraitində qeyd etməyimiz qürurvericidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün Şuşada, Xankəndidə, Xocalıda dalğalanmasının, Prezident İlham Əliyevin qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla qaldırmasının, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın, azad edilmiş digər ərazilərimizin bu gün regionun iqtisadi, siyasi və diplomatik mərkəzlərindən birinə çevrilməsinin hər birimizdə yaratdığı sevinc, qürur hissini sözlə ifadə etmək mümkün deyil. Azad Qarabağımız və azad Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramı uğurla icra edilir.
