Xəbərlər
Bərdədə 28 May - Müstəqillik Günü qeyd olunub
“Şəhərsalma və memarlıq ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən Heydər Əliyev adına Park-bulvarda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Sonra iştirakçılar Bərdə Rayon Tarix-diyarşünaslıq muzeyini ziyarət edib, “Nüşabə parkı” və VII əsrə aid körpüdə olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olaraq müasir müstəqil Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan böyük Zəfər və antiterror tədbirlərində qazanılan qələbə nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin olunub.
Tədbirdə çıxış edən şəhid anası Əzizə Ədilova, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Qarabağ müharibəsi qaziləri Elbrus Rüstəmov, Elçin Mustafayev, Qarabağ RGİİ Bərdə sektorunun rəhbəri Aydın Qasımov, QRTİ Bərdə sektorunun müdiri Nicat İsmayılov, Bərdə Dövlət idarəetmə və texnologiya kollecinin direktoru Xosrov Musayev, Bərdə Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov, 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Elgün Qocamanov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki rolundan danışıblar.
Sonra YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya QMƏVŞAİB rayon şöbəsinin sədri Etibar Hüseynovanı doğum günü, şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Kənan Mehdizadəni və Qarağacı kənd tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi Nail Muradovu respublika üzrə fənn olimpiadasında qızıl medal qazanmaları münasibətilə təbrik edib, onları hədiyyələrlə mükafatlandırıb.
Tədbirə Yeni Azərbaycan Partiyasınin Himninin səsləndirilməsi ilə yekun vurulub.
