Xəbərlər
Şuşada Yay Məktəbinin açılış mərasimi keçirilib
İyunun 3-də Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin ideyalarının təbliğinə həsr olunmuş Yay Məktəbinin açılış mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulayıb. O bildirib ki, Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri ölkənin iqtisadi qüdrətini və inkişaf potensialını nümayiş etdirir. Abbas Əliyev Şuşanın bu gün Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişaf etdiyini və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xüsusi vurğulayıb.
Yay Məktəbinin əhəmiyyətindən danışan rayon təşkilatının sədri layihənin gənclərin bilik və bacarıqlarının artırılmasına, liderlik keyfiyyətlərinin inkişafına, komanda işinin formalaşmasına və ictimai fəallıqlarının yüksəldilməsinə xidmət etdiyini bildirib.
Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev çıxışında Yay Məktəbinin Şuşa və Xankəndi şəhərlərində keçirilməsinin ideoloji və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasında milli memarlıq irsinin qorunması və şəhərsalma mədəniyyətinin inkişafı mühüm yer tutub. Rektor bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri müasir şəhərsalma siyasətinin uğurlu nümunələrindəndir.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycan gəncləri dövlətin yaratdığı imkanlardan yararlanaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir və müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanırlar. Bahar Muradova Şuşada təşkil olunan Yay Məktəbinin gənclərin Qarabağın tarixi, mədəniyyəti və inkişaf perspektivləri haqqında biliklərinin artırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov çıxışında Şuşanın Azərbaycanın tarixi zəfərinin, milli birliyinin və yenidənqurma iradəsinin simvolu olduğunu bildirib. O vurğulayıb ki, Yay Məktəbi iştirakçıların bilik və dünyagörüşünün genişlənməsinə, onların gələcək fəaliyyətində dövlətçilik ideyalarına daha sıx bağlılıq nümayiş etdirmələrinə xidmət edəcək.
Bakı Mühəndislik Universitetinin Memarlıq kafedrasının müdiri, professor Sabir Orucov süni intellekt və onun müasir dövrdə tətbiq imkanları barədə geniş təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Yay Məktəbinin açılış mərasimi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Daha sonra Bakı Mühəndislik Universitetinin Memarlıq və İnşaat fakültəsinin tələbələri tərəfindən hazırlanmış yaradıcılıq layihələrinin təqdimatı keçirilib.
Layihələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və gənclərin innovativ düşüncə və yaradıcılıq potensialını nümayiş etdirib.
Qeyd edək ki, Yay Məktəbi növbəti günlərdə müxtəlif təlimlər, seminarlar və maarifləndirici proqramlarla davam edəcək.
