YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xırdalan şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Xırdalan şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının və Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi Bilman Vəliyev və İcmanın qadınlarla iş üzrə məsul şəxsi İstək Bəxtiyarova çıxış ediblər.

Natiqlər 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışını Azərbaycan dövlətçiliyinin xilası və ölkənin inkişaf yoluna çıxmasının başlanğıcı kimi dəyərləndiriblər. Qeyd olunub ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsidir.

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş qarşıdurmasının qarşısının alınmasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasında müstəsna xidmətlər göstərib.

Tədbirdə “Qərbi Azərbaycan Həqiqətləri” mövzusuna da geniş yer ayrılıb. Bildirilib ki, son iki əsr ərzində azərbaycanlılar öz tarixi torpaqlarından dəfələrlə deportasiyalara, zorakı köçürülmələrə və müxtəlif təzyiqlərə məruz qalıblar. Bu tarixi faktların öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi qeyd edilib.

Natiqlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının mahiyyəti barədə də ətraflı məlumat veriblər. Vurğulanıb ki, Konsepsiya beynəlxalq hüquq normalarına və tarixi həqiqətlərə əsaslanır, regionda davamlı sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Qərbi azərbaycanlıların problemlərinə daim həssas yanaşıb, onların hüquqlarının müdafiəsini və doğma yurdlarına qayıdış məsələsini hər zaman diqqət mərkəzində saxlayıb. Bildirilib ki, Qərbi Azərbaycana qayıdış ideyasının siyasi və ideoloji əsasları məhz Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu siyasət hazırda uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, əsas məqsəd Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıdışının təmin edilməsidir. Bu hüququn beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də insan hüquqları üzrə beynəlxalq sənədlərə uyğun olduğu vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdış məsələsini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir.