Xəbərlər
Qurtuluşun təntənəsi
Məhəmməd Balaqadaşov
YAP Xacmaz rayon təşkilatının sədri
15 iyun 1993-cü il. Azərbaycanın bugünkü reallıqlarının başlanğıc tarixi. Bu fakt inkaredilməzdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu dönüş nöqtələrindəndir. Dahi şəxsiyyət hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq qeyri-mümkün idi. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması özündə bütün məqamları ehtiva edir. Bu qayıdış Azərbaycan dövlətini, xalqını böyük fəlakətdən, təhlükələrdən xilas etdi.
AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdur. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı irəli sürülən iddialar Azərbaycanı onlarla düşmən etmiş və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.
1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Ulu öndər Heydər Əliyevdən imdad istədi.
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir.
Bu gün bütün bayramlarımızı Zəfər ruhunda qeyd edirik. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 22 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycana zəfərlər qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tariximizin Zəfər səhifəsini yazdı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Ulu Öndər Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Qurtuluşdan bu günə 33 illik bir yol keçib. 33 il zaman baxımından o qədər böyük olmasa da, əldə olunan uğurların miqyasının böyüklüyü bu dövrü daha da zənginləşdirir. Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri də beş il öncə Milli Qurtuluş Günündə Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmi şəkildə təsdiqləyən Şuşa Bəyannaməsi oldu. Bu sənəd iki dost, qardaş ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.
