Xəbərlər
Şəmkirdə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 17 İyun - Tibb İşçilərinin Peşə Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, səhiyyə sistemi hər bir ölkənin dövlət siyasətinin əsas istiqamətlərindən biridir və insanların sağlamlığının qorunmasında tibb işçilərinin əməyi əvəzsizdir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkənin bütün bölgələrində müasir tibb müəssisələri tikilib istifadəyə verilib, mövcud səhiyyə ocaqları əsaslı şəkildə təmir olunub, ən son tibbi avadanlıqlarla təchiz edilib. Səhiyyə sahəsində aparılan islahatlar nəticəsində vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxışı daha da genişlənib. F.Vəliyev, həmçinin çıxışında Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə və humanitar sahələrdə həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva çıxışında qeyd edib ki, tibb işçiləri hər zaman cəmiyyətin ən hörmətli peşə sahibləri sırasındadır. Vurğulanıb ki, insan həyatının və sağlamlığının qorunması kimi məsuliyyətli missiyanı yerinə yetirən səhiyyə işçilərinin fəaliyyəti yüksək qiymətə layiqdir. O, tibb işçilərinə göstərilən dövlət qayğısının bu kateqoriyadan olan şəxslərin daha böyük əzmlə çalışmasına stimul verdiyini bildirib.
Digər çıxış edənlər natiqlər səhiyyə sahəsində çalışan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, onların cəmiyyətin sağlamlığının qorunması istiqamətində gördükləri fədakar fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının, tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin bariz ifadəsidir. Onlar ölkəmizdə səhiyyənin inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.
Sonda səhiyyə sahəsində səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup tibb işçilərinə YAP Şəmkir rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
