YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli əməkdaşlığın nümunəvi modeli

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri

Azərbaycanın türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərindən danışarkən, Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də sonuncu prezident seçkilərindən sonrakı andiçmə mərasimində Türk Dövlətləri Təşkilatı (TDT) haqqında səsləndirdiyi, bu gün haqqında bəhs etdiyimiz münasibətlərin möhürünə, aforizmə çevrilmiş sözlərini xatırlamamaq olmur: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Elə həmin çıxışında Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azər-baycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Bu baxımdan ölkəmizin qardaş dövlətlərlə çoxşaxəli münasibətlərinin ifadəsi olan statistik göstəricilər, rəsmi tarixlər və diplomatik protokollar əslində rəqəmlərin dilindən publisistik müstəviyə köçürüldükdə unikal bir regional hekayə alınır. Dünyada neytrallıq siyasəti yürütməsi ilə tanınan Türkmənistan Respublikası TDT-də müşahidəçi statusunda təmsil olunsa da, Azərbaycanın bu türkmən dövləti ilə əlaqələri sadəcə iki postsovet dövlətinin münasibətləri deyil, Xəzər dənizinin ayırdığı yox, birləşdirdiyi, eyni soy-kökə, ortaq dil, din və mədəniyyətə sahib iki qardaş türk dövlətinin strateji tərəfdaşlıq münasibətləridir. Belə ki, 1992-ci ilin iyunundan başlayan diplomatik əlaqələr 2017-ci il avqustun 8-də Bakıda imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərin zirvəsinə çatmış, iki qonşu və qardaş ölkə arasındakı münasibətləri sadə qonşuluq müstəvisindən çıxararaq qlobal mənafe birliyinə daşımışdır. Bu gün Bakı və Aşqabad bir-biri üçün sadəcə tərəfdaş deyil, Xəzərin təhlükəsizliyini və gələcəyini şərtləndirən iki əsas sütundur.

Ötən dövrdə dövlət başçıları İlham Əliyev, Qurbanqulu Berdiməhəmmədov və Sərdar Berdiməhəmmədovun qarşılıqlı səfərlərinin xronologiyası münasibətlərdəki diplomatik tempin nə qədər dinamik olduğunu göstərir. Eyni zamanda, burada diqqət çəkən ən mühüm məqam səfərlərin sadəcə ikitərəfli xarakter daşımamasıdır. Belə ki, Türkmənistanda İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Sammitində (noyabr 2021) və Xəzəryanı Dövlətlərin VI Toplantısında (iyun 2022), Azərbaycan-Türkiyə-Türkmənistan Üçtərəfli Zirvə Görüşündə (dekabr 2022) və Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə (mart 2023) iştirak üçün edilən işgüzar səfərlərə Türk dünyasının geosiyasi coğrafiyasında yeni bir mərhələnin – türk dövlətlərinin qlobal güc mərkəzinə çevrilməsi prosesinə mühüm töhfə kimi dəyərləndirilməlidir. Çünki Azərbaycan və Türkmənistan “Orta Dəhliz” konseptinin əsas aktorları kimi bir-biri ilə ticarət edərkən həm də Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən nəhəng bir loqistik körpü inşa edirlər. Tarixi köklərə malik dostluq və qardaşlıq bu gün nəhəng bir iqtisadi gücə və sarsılmaz strateji ittifaqa çevrilməkdədir.

Buna görə də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-23-də ölkəmizə dövlət səfəri böyük əhəmiyyətə malikdir. Xatırladaq ki, 2025-ci il oktyabrın 7-də Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirakı çərçivəsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinə ölkəsinin məscid hədiyyə etdiyini bildirmiş və elə həmin gün məscidin tıməli də qoyulmuşdu. Hazırkı səfər zamanı isə Azərbaycan tərəfindən Bakı gəmiqayırma zavodunda inşa olunan “Dostlug” neftdaşıyan tankerinin hədiyyə olunması qardaşlıq münasibətlərinin qarşılıqlı xoşməramlı jestlərlə ifadə olunan təzahürləridir. Yeri gəlmişkən, 2025-ci ilin oktyabrında Bakı və Gəncə şəhərlərində Türkmənistan Mədəniyyəti Günlərinin, bu il iyun ayının əvvəllərində isə Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunması da iki dost dövlət və qardaş xalq arasında münasibətlərin yalnız iqtisadi maraqlar üzərində qurulmadığını, ortaq tarixi irsə söykəndiyini sübut edir.

Türkmənistan dövlət başçısının səfəri zamanı imzalanan sənədlər qarşılıqlı münasibətlərin tam şəkildə institusional və hüquqi inteqrasiya mərhələsinə qədəm qoyduğunu sübut edir və iki ölkə arasında iqtisadiyyatdan sosial sahəyə, gömrükdən energetikaya qədər uzanan nəhəng bir “yol xəritəsi”ni təşkil edir. Əgər dövlət başçılarının imzaladığı Birgə Bəyanatı münasibətlərin konstitusiyası adlandırmaq mümkündürsə, hökumətlər, ayrı-ayrı nazirlər səviyyəsində imzalanan saziş, memorandum və əməkdaşlıq proqramlarını həmin konstitusiyanın praktiki icra sənədləri kimi nəzərdən keçirmək mümkündür. İqtisadi bloka aid olan sənədlər: iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri, energetika sahəsində əməkdaşlıq haqqında sazişlər, 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı, kənd təsərrüfatı sahəsində, Mərkəzi Bankla Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumları, eləcə də daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün Texniki şərtlər və qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol iki qonşu dövlətin iqtisadiyyatın, demək olar ki, bütün spektri üzrə əməkdaşlıq əzminin yüksək olduğunu göstərir. Sosial sahədə qarşılıqlı əlaqələrin yaradılması və gücləndirilməsi istiqamətində imzalanan qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş, idman, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumları münasibətlərin humanitar xarakterini daha da zənginləşdirir. İki ölkənin xarici işlər nazirlilikləri arasında 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı isə dövlətlər arasında yuxarıdakı sənədlərdə əksini tapmış məsələlərin icrasına, proseslərin rəvan getməsinə nəzarət edəcək rəsmi mexanizm kimi qiymətləndirilə bilər.

Bakıda reallaşan bu sənəd mübadiləsi göstərir ki, hər iki dövlət 2026-cı ili regional inteqrasiyanın pik nöqtəsi kimi hədəfləyib. Kağız üzərindəki bu imzalar yaxın aylarda Xəzərdə daha çox gəmi, gömrükdə daha sürətli keçid və regional siyasətdə daha güclü vahid səs olaraq özünü büruzə verəcək. Çünki Xəzərin hər iki sahilində fərqli dövlətlər yaradan, lakin eyni qandan və ruhdan olan iki qardaş xalqın rəhbərlərinin Bakıdakı səmimi görüşü faktiki olaraq böyük bir coğrafiyanın xəritəsini yenidən cızır.

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. Əslində həmin bəyanat ölkə rəhbərinin diplomatik bəyanatı deyil; bu, kökü əsrlərə dayanan mənəvi birliyin, Qarabağda ucalan minarələrin və bütövlükdə Avrasiyanın iqtisadi gələcəyini müəyyən edən strateji zəkanın tərkib hissəsi olan manifestdir. Bu mənada bəyanatın bəlkə də ən duyğulu və mənəvi baxımdan ən önəmli məqamı Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində tikilməkdə olan məscidlə bağlıdır: Prezident İlham Əliyevin sözləri sübut edir ki, həmin məscid sadəcə bir dini-memarlıq abidəsi və ya tikinti layihəsi deyil, daha çox türkmən xalqının Azərbaycanın haqq işinə, Qarabağ zəfərinə verdiyi mənəvi xeyir-dua kimi qəbul olunur. Şuşada, Ağdamda dağıdılmış məscidlərimizin qarşılığında, Füzulidə ucalan qardaş türkmən məscidi iki ölkə arasındakı bağların sarsılmazlığını simvolizə edir. Bu addım Bakı ilə Aşqabad, Füzuli ilə Arkadağ arasındakı qardaş şəhərlər statusunu hüquqi mətndən çıxarıb könüllərə həkk edir.

Azərbaycan Prezidentinin bəyanatında 2025-ci il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü zamanı ölkəmizin bu quruma tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə  Türkmənistana təşəkkür edərək, Azərbaycanın qurumdakı fəaliyyəti ilə bağlı perspektivə də toxundu: “Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır”. Bu, regionun geosiyasi memarlığında başlanmış yeni eranın daha bir istinadgahının əhəmiyyətini ifadə edən fikirlərdir. Xəzər dənizi artıq iki qonşu, lakin fərqli regionu (Cənubi Qafqaz və Mərkəzi Asiya) bir-birindən ayıran sərhəd deyil, əksinə, onları vahid geosiyasi coğrafiyada halına gətirən daxili bir göldür. Bu inteqrasiyada Türkmənistanın Azərbaycana fəal dəstək verməsi, Türk dünyasının bütövləşməsi yolunda atılmış növbəti nəhəng addımdır.

Prezidentin logistika sahəsi ilə bağlı işlətdiyi sətirlər iqtisadiyyat dərsliyinə düşəcək mahiyyətdədir. İlham Əliyev açıq şəkildə bəyan edir ki, dünyada təhlükəsiz və etibarlı dəhlizlərin sayı kəskin azalıb və iki ölkə arasındakı nəqliyyat-logistika sahəsində əməkdaşlığı siyasi əlaqələrin nəticəsi olan “böyük nailiyyət” kimi qiymətləndirir: “Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi”. Aydındır ki, istənilən halda Şərq-Qərb mütənasibliyində (Orta Dəhlizdə) sadəcə xəritə üzərində qonşu olmaq bəs etmir. Əgər rəsmi Bakı və Aşqabadın siyasi iradələri, bir-birinə etibarı olmasaydı, Xəzər böyük yüklərin keçə bilmədiyi bir “su divarı” da ola bilərdi. İndi isə hər iki dövlət həm öz yük axınlarını artırır, həm də üçüncü ölkələri bu etibarlı limana cəlb edir.

Hər iki ölkənin zəngin enerji resurslarına (neft və qaz) malik olduğu sirr deyildir. Prezident İlham Əliyev bu resurslar ətrafında rəqabət aparmaq yox, əksinə, birlikdə fəaliyyət göstərmək niyyətini dilə gətirir: “Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”. Bu, qlobal enerji bazarında iki vacib aktörün öz imkanlarını birləşdirərək, bərabər və ortaq şəkildə iştirakını təmin etməyə yönəlmiş iradənin ortaya qoyulması deməkdir.

İyunun 22-dəki çıxışının sonunda Azərbaycan liderinin Türkmənistanın dünyada artıq qəbul olunmuş və dəstək qazanmış neytrallıq siyasətini bir daha rəsmən və ürəkdən dəstəklədiyini bildirməsi qardaş dövlətin suverenliyinə və onun seçdiyi unikal xarici siyasət kursuna verilən elə qardaş qiymətidir.

Beləliklə, bəyanatın ruhundan da aydın duyulur ki, 2026-cı il iyunun 22-də Bakıda Azərbaycanla Türkmənistan arasında sadəcə növbəti rəsmi sənədlər imzalanmayıb (yeri gəlmişkən, belə sənədlərin sayı artıq 100-ü ötüb). Bu görüşlə Hökumətlərarası Komissiyanın gələn ay Türkmənistanda keçiriləcək iclasına konkret və ciddi tapşırıqlar da ötürülüb. Ortaq tarixi irsdən qaynaqlanan mədəniyyət günləri ilə döyünən qardaş ürəklər böyük nəqliyyat və enerji layihələri ilə birləşərək Avrasiyanın mərkəzində sarsılmaz bir Bakı-Aşqabad oxu yaradır. Xəzər artıq sakitdir, çünki onun hər iki sahilində gələcəyə eyni inamla baxan iki müdrik dövlət dayanıb.

DİGƏR Xəbərlər Arxiv