YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın uğurlu nümunəsi

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Azərbaycan və Türkmənistan arasında ortaq köklərə, dərin tarixi və mədəni bağlara əsaslanan qardaşlıq münasibətləri hazırda özünün çoxşaxəli və dinamik inkişaf dövrünü yaşayır. Bakı və Aşqabad regional məsələlərdə vahid mövqedən çıxış edərək təkcə öz milli maraqlarını təmin etmir, eləcə də türk dünyasının qlobal miqyasda bütövləşməsinə və Xəzər regionunun sabitliyinə töhfə verirlər.

İki ölkə arasındakı strateji tərəfdaşlıq 2026-cı il iyunun 22-də yeni bir tarixi mərhələyə qədəm qoydu. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı rəsmi dövlət səfəri iki ölkə arasındakı sarsılmaz əlaqələri növbəti dəfə təsdiq edib. Səfərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunan məqamlar, gələcəyə yönəlmiş birgə addımlar iki ölkənin təkcə bu günün deyil, bütövlükdə regionun növbəti onilliklərdəki iqtisadi və logistik mənzərəsini formalaşdırmaq əzmində olduğunu göstərir. Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə onlayn formatda Azərbaycan tərəfindən Türkmənistana təqdim edilən "Dostluq" tankeri tərəfdaşlığın real və praktiki müstəvidə inkişaf etdiyinin ən parlaq rəmzi sübutudur. Vaxtilə Xəzər dənizindəki "Dostluq" yatağının müştərək işlənilməsinə dair əldə olunmuş tarixi razılaşma bu gün həm enerji, həm də dəniz nəqliyyatı sahəsində atılan yeni və daha nəhəng addımların möhkəm hüquqi təməlini təşkil edir.

Hazırda hər iki dövlət regional enerji təhlükəsizliyinin təmin olunmasında və "Orta Dəhliz" marşrutunun logistik potensialının genişləndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Nəqliyyat-logistika imkanlarının bu cür koordinasiyalı birləşdirilməsi Asiya ilə Avropa arasında mühüm tranzit körpüsünün formalaşmasını təmin edir və Xəzəri qlobal ticarətdə mərkəzi arteriyaya çevirir. Yüksək səviyyəli danışıqların praktiki nəticəsi olaraq Bakı görüşü çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın hüquqi bazasını genişləndirən mühüm sənədlərin imzalanması iqtisadi-ticari əlaqələrin şaxələndirilməsinə, rəqəmsal gömrük sistemlərinin tətbiqinə və qarşılıqlı investisiya layihələrinin stimullaşdırılmasına yeni imkanlar açır. Xüsusilə nəqliyyat və logistika sahəsində əldə olunmuş yeni razılaşmalar regional tranzit qovşağı kimi hər iki dövlətin Xəzər dənizindəki mövqelərini daha da gücləndirir. Eyni zamanda elm, təhsil və sosial sahələri əhatə edən sazişlər iki qardaş xalqın mənəvi bağlarını institusional müstəvidə dərinləşdirməyə xidmət edir. Bu mənəvi birliyin ən ali təzahürü kimi

Prezident İlham Əliyev mətbuata bəyanatında Qarabağın dirçəldilməsi və bərpası prosesinə verilən mühüm dəstəyi xüsusi qeyd edərək işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərində Türkmənistanın göstərdiyi həmrəyliyə görə dərin minnətdarlığını ifadə etmişdir. Azərbaycan lideri öz çıxışında bu nəcib və tarixi addımın arxasında dayanan xüsusi rolu vurğulayaraq, türkmən xalqının Ümummilli lideri Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha ürəkdən təşəkkürünü bildirmişdir. Bu yüksək diqqət və qardaş köməyi bir daha sübut edir ki, tarixi Azərbaycan torpaqlarında ucalan hər bir tikili həm də türk dünyasının sarsılmaz birliyinin rəmzidir. Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkmənistanın nümayiş etdirdiyi  qarşıdakı dövrə  yönəlmiş ortaq yanaşma və  müştərək fəaliyyət xətti iki qardaş xalqın parlaq gələcəyini inamla təmin edir.