YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatının bir qrup fəalı Qarabağ bölgəsinə səfər edib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının bir qrup fəalı işğaldan azad edilmiş Qarabağ bölgəsinə səfər edib.

Səfərin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq, tarixi Zəfərin nəticələrini yerində müşahidə etmək, iştirakçılarda vətənpərvərlik hisslərini daha da gücləndirmək və milli-mənəvi dəyərlərə bağlılığı möhkəmləndirmək olub.

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Xocalı şəhərində olub. İştirakçılar Xocalı şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar. Bildirilib ki, Xocalının yenidən dirçəldilməsi tarixi ədalətin bərpasının, Böyük Qayıdış Proqramının və regionun davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib. Fəallar Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa məscidini və Şuşa qalasını ziyarət edərək şəhərin zəngin tarixi-mədəni irsi, eləcə də işğaldan azad olunduqdan sonra həyata keçirilən bərpa, konservasiya və yenidənqurma layihələri ilə yaxından tanış olublar.

Səfərin növbəti ünvanı Xankəndi şəhəri olub. Burada iştirakçılara şəhərdə aparılan abadlıq-quruculuq işləri, müasir infrastrukturun yaradılması və sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Günün ikinci yarısında nümayəndə heyəti Əsgəran şəhərində yerləşən tarixi Əsgəran qalasını ziyarət edib. İştirakçılar qalanın tarixi, memarlıq xüsusiyyətləri və Azərbaycanın zəngin mədəni irsində tutduğu mühüm yer haqqında məlumatlandırılıblar.

Maarifləndirici səfər çərçivəsində fəallar Ağdam şəhərində də olublar. Onlara şəhərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri, inşa olunan yeni yaşayış məhəllələri, sosial infrastruktur obyektləri və Ağdamın gələcək inkişaf konsepsiyası barədə ətraflı məlumat təqdim edilib.