Xəbərlər
Balanslaşdırılmış və çoxşaxəli əməkdaşlıq modeli
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətində balanslaşdırılmış və çoxşaxəli əməkdaşlıq modelini əsas prinsip kimi müəyyən etmişdir. Bu siyasətin mühüm istiqamətlərindən biri Avropa ilə münasibətlərin inkişaf etdirilməsi olmuşdur. Müstəqilliyin ilk illərindən etibarən Azərbaycan Avropa dövlətləri və Avropa İttifaqı ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, enerji təhlükəsizliyi, nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişafına xüsusi önəm vermişdir.Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini daha da artırmışdır. Xüsusilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri tərəflər arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilir.
Azərbaycan Avropa İttifaqı ilə uzun illər ərzində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf, yaşıl enerji və nəqliyyat sahələrində uğurlu tərəfdaşlıq münasibətləri formalaşdırmışdır. Eyni zamanda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələri Avropa bazarlarının enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişaf tarixində mühüm siyasi hadisələrdən biri hesab olunur. Bu səfər qarşılıqlı etimadın möhkəmləndiyini, tərəflərin strateji əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını nümayiş etdirmişdir.Səfər zamanı enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, bərpa olunan enerji, regional nəqliyyat layihələri və qarşılıqlı investisiya imkanları geniş müzakirə olunmuşdur. Görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol xüsusi vurğulanmışdır.
Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışı zamanı diqqətə çatdırdığı kimi: "Avropa Komissiyası ilə münasibətlərimizin kifayət qədər yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanın Günəş, külək və su elektrik enerjisi potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik".
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək inkişaf perspektivləri kifayət qədər genişdir. Enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, nəqliyyat, kənd təsərrüfatı, təhsil, elm və innovasiya istiqamətlərində əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli imkanlar mövcuddur.Eyni zamanda regional sabitliyin və davamlı sülhün təmin olunması Avropa ilə Azərbaycan arasında uzunmüddətli strateji əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinə və regional sabitliyə mühüm töhfə verməyə davam edir. Mövcud əməkdaşlıq perspektivləri göstərir ki, qarşıdakı illərdə Azərbaycan–Avropa İttifaqı münasibətləri daha da dərinləşəcək və strateji tərəfdaşlıq yeni istiqamətlər üzrə inkişaf edəcəkdir.
