Xəbərlər
Slovakiya-Azərbaycan münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi
Pərvin Kərimzadə
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional sabitlik məsələlərinin qlobal siyasətin əsas prioritetlərinə çevrildiyi bir dövrdə Azərbaycan özünün ardıcıl və praqmatik xarici siyasəti sayəsində beynəlxalq nüfuzunu davamlı şəkildə artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış xarici siyasət kursu ölkəmizi təkcə Cənubi Qafqazın aparıcı dövləti deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mərkəz kimi mövqeləndirib. Azərbaycanın siyasi sabitliyi, müstəqil qərarvermə imkanları, zəngin enerji resursları, beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu və regional əməkdaşlıq təşəbbüsləri ölkəmizi dünyanın etibarlı tərəfdaşlarından birinə çevirib.
Bu reallıq fonunda Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi təsadüfi deyil. Son illər Avropa ölkələri ilə siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və enerji sahəsində strateji əməkdaşlığın dərinləşməsi Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinin əyani göstəricisidir. Slovakiya ilə münasibətlər də məhz bu strateji xəttin uğurlu davamı kimi diqqəti cəlb edir.
İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə Şuşada keçirilən görüş bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır. Səfərin məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan başlaması həm rəmzi, həm də siyasi mesaj baxımından mühüm məna daşıyır. Bu gün Şuşa artıq yalnız tarixi və mədəni irsin simvolu deyil, eyni zamanda beynəlxalq diplomatiyanın mühüm məkanlarından birinə çevrilib. Dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının Şuşaya səfərləri Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul edilməsinin, Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoymasının və bölgənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, “Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır.” Dövlət başçısının bu fikri iki ölkə arasında münasibətlərin təsadüfi deyil, sistemli və davamlı inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfər və bu gün Slovakiya Prezidentinin Azərbaycana cavab səfəri diplomatik münasibətlərdə qarşılıqlılıq prinsipinin və yüksək etimadın göstəricisidir.
Azərbaycan və Slovakiya arasında siyasi dialoqun intensivləşməsi yalnız yüksək səviyyəli qarşılıqlı səfərlərlə məhdudlaşmır. Parlamentlərarası əməkdaşlıq, hökumətlərarası komissiyaların fəaliyyəti, biznes forumları və müxtəlif iqtisadi platformalar münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, nümayəndə heyətlərinin geniş tərkibi də onu göstərir ki, tərəflər təkcə siyasi dialoq aparmır, eyni zamanda konkret layihələrin reallaşdırılması istiqamətində praktiki fəaliyyət göstərirlər.
2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sənəd kağız üzərində qalan siyasi niyyət deyil, artıq konkret layihələr və qarşılıqlı təşəbbüslərlə öz təsdiqini tapır. Dövlət başçısının ifadə etdiyi kimi, “Belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.” Bu fikir həm də onu göstərir ki, Bakı ilə Bratislava arasında münasibətlər qarşılıqlı etimada və milli maraqların uzlaşdırılmasına əsaslanır.
Slovakiyanın Avropa İttifaqının üzvü kimi Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi ölkəmizin Avropa üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Bu gün Avropa enerji təhlükəsizliyinin təmin olunması istiqamətində yeni tərəfdaşlara ehtiyac duyur və Azərbaycan artıq bu ehtiyacın ödənilməsində aparıcı rol oynayan ölkələrdən biridir. Hazırda Azərbaycan təbii qazını 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edir. Slovakiyanın da 2024-cü ildən etibarən Cənub Qaz Dəhlizi layihəsinə qoşulması bu əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır.
Avropa İttifaqının Rusiya qazından mərhələli şəkildə imtina etməsi fonunda Slovakiyanın enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Prezident Peter Pelleqrinin də qeyd etdiyi kimi, mövcud şəraitdə Azərbaycan Slovakiyanın enerji təminatında əsas tərəfdaşlardan biri kimi çıxış edir. Bu isə Azərbaycanı təkcə enerji ixracatçısı deyil, Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçılarından biri statusuna yüksəldir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bundan sonra da ixrac imkanlarını genişləndirmək və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə vermək əzmindədir.
İkitərəfli münasibətlər yalnız enerji sektoru ilə məhdudlaşmır. Prezident İlham Əliyevin bəyanatında da qeyd olunduğu kimi, iqtisadi-ticari əlaqələr, hərbi-texniki əməkdaşlıq, sənaye, yüksək texnologiyalar, nəqliyyat-logistika və digər istiqamətlər də prioritet sahələr sırasındadır. Orta Dəhlizin əhəmiyyətinin artdığı müasir mərhələdə Slovakiya Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Asiya bazarlarına daha qısa və təhlükəsiz çıxış əldə edə bilər. Bu baxımdan iki ölkə arasında logistika və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi gələcək üçün mühüm perspektiv vəd edir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində Slovakiyanın fəal iştirakı isə münasibətlərin humanitar və siyasi etimad komponentini daha da gücləndirir. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, Slovakiya Qarabağın bərpasında fəal iştirak edən dost ölkələrdən biridir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsi müasir yaşayış konsepsiyasının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin Slovakiya tərəfindən Azərbaycana hədiyyə edilməsi iki xalq arasında dostluğun və qarşılıqlı etimadın bariz nümunəsidir.
Bu layihələr təkcə sosial infrastrukturun bərpasına xidmət etmir. Onlar eyni zamanda Avropa şirkətlərinin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi inkişaf modelinə inamının göstəricisidir. Xarici investisiyaların cəlbi, yeni texnologiyaların tətbiqi, müasir şəhərsalma konsepsiyalarının reallaşdırılması Qarabağın regionun ən inkişaf etmiş iqtisadi məkanlarından birinə çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir.
Diqqətçəkən məqamlardan biri də Prezident Peter Pelleqrinin Azərbaycanı yaxşı tanıyan siyasətçilərdən biri olmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Peter Pelleqrini hələ parlament sədri və Baş nazir olduğu dövrdə ölkəmizə səfərlər edib, COP29 çərçivəsində Azərbaycanda olub və Prezident seçildikdən sonra ilk rəsmi səfərlərindən birini məhz Azərbaycana edib. Bu fakt onun Azərbaycanla münasibətlərə şəxsi səviyyədə də xüsusi önəm verdiyini göstərir və gələcək əməkdaşlıq üçün əlavə siyasi etimad mühiti yaradır.
Ümumilikdə, Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri bir daha göstərdi ki, Bakı ilə Bratislava arasında münasibətlər artıq klassik diplomatik əlaqələr çərçivəsini aşaraq strateji tərəfdaşlıq məzmunu qazanıb. Qarşılıqlı siyasi etimad, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, iqtisadi layihələr, Qarabağın bərpasında Slovakiyanın iştirakı və Avropa ilə Azərbaycan arasında körpü rolunun güclənməsi bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyini göstərir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq.” Məhz bu prinsip – siyasi iradə, qarşılıqlı etimad və konkret nəticələrə əsaslanan əməkdaşlıq – Slovakiya-Azərbaycan münasibətlərinin əsasını təşkil edir və iki ölkə arasında strateji tərəfdaşlığın uzunmüddətli perspektivdə daha da möhkəmlənəcəyinə ciddi zəmin yaradır.
