Xəbərlər
Milli Mətbuatımız – milli dövlətçiliyimizin, milli həmrəyliyimizin və Zəfər salnaməmizin güzgüsü
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın maariflənməsi, milli özünüdərkin formalaşması və dövlətçilik ənənələrinin möhkəmlənməsi yolunda misilsiz xidmətləri olan Azərbaycan milli mətbuatının yaranmasının ildönümüdür. 1875-ci il iyulun 22-də böyük mütəfəkkir, maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən yüzilliklər ərzində böyük inkişaf yolu keçərək müasir Azərbaycanın ictimai-siyasi həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Məhz buna görə də ölkəmizdə hər il 22 iyul Milli Mətbuat Günü kimi böyük ehtiramla qeyd olunur.
Milli mətbuat xalqın aynası, cəmiyyətin düşüncə tribunası, dövlətlə vətəndaş arasında etibarlı körpüdür. Güclü dövlətin formalaşmasında peşəkar və məsuliyyətli medianın rolu danılmazdır. Azərbaycanın müstəqillik tarixində milli mətbuat hər zaman dövlətçilik maraqlarının qorunmasına, milli həmrəyliyin möhkəmlənməsinə, ictimai rəyin düzgün istiqamətləndirilməsinə və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfələr vermişdir.
Azərbaycan mətbuatının müasir inkişaf mərhələsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider demokratik cəmiyyət quruculuğunda azad və peşəkar mətbuatın əvəzsiz rolunu yüksək qiymətləndirirdi. Onun rəhbərliyi dövründə mətbuatın hüquqi bazasının formalaşdırılması, söz və fikir azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirildi.
1998-ci ildə Azərbaycanda senzuranın ləğv edilməsi ölkəmizin demokratik inkişaf tarixində mühüm dönüş nöqtəsi oldu. Bu qərar mətbuatın daha sərbəst fəaliyyət göstərməsinə, jurnalistlərin peşə fəaliyyətinin genişlənməsinə və informasiya mühitinin inkişafına güclü təkan verdi. Ulu Öndər Heydər Əliyev mətbuat nümayəndələrinin sosial problemlərinin həllinə, onların peşəkarlığının artırılmasına, media orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə daim xüsusi diqqət göstərirdi.
Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, azad mətbuat demokratik cəmiyyətin əsas sütunlarından biridir. Onun müəyyənləşdirdiyi dövlətçilik siyasətində medianın inkişafı mühüm istiqamətlərdən biri kimi qəbul edilmiş və bu siyasi kurs bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli mətbuatın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçısı medianın müasir çağırışlara uyğun inkişafını, informasiya təhlükəsizliyinin təmin edilməsini və peşəkar jurnalistikanın gücləndirilməsini daim diqqət mərkəzində saxlayır.
Son illərdə media sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycan informasiya məkanının daha da güclənməsinə xidmət edir. Medianın institusional inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, müasir informasiya texnologiyalarının tətbiqi və peşə etikası prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Media subyektlərinin fəaliyyətinin daha səmərəli təşkil edilməsi, informasiya mühitində şəffaflığın artırılması və milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qəbul edilən qərarlar Azərbaycanın media siyasətinin yeni mərhələsini formalaşdırmışdır.
Prezident İlham Əliyev hər zaman vurğulayır ki, milli maraqların qorunması informasiya müharibəsində qələbənin əsas şərtlərindən biridir. Məhz buna görə də Azərbaycan mediası dövlətçilik maraqlarını əsas tutaraq obyektiv, operativ və peşəkar fəaliyyət göstərməyə davam edir.
44 günlük Vətən müharibəsi Azərbaycan mediasının peşəkarlığını, vətənpərvərliyini və yüksək məsuliyyət hissini bütün dünyaya nümayiş etdirdi. Döyüşlərin ilk günündən etibarən Azərbaycan jurnalistləri həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq göstərərək xalqımızı operativ və dəqiq informasiya ilə təmin etdilər.
Azərbaycan mediası erməni təxribatlarını, mülki əhaliyə qarşı törədilən hərbi cinayətləri, şəhər və kəndlərimizin raket atəşinə tutulmasını dünya ictimaiyyətinə faktlarla çatdırdı. Eyni zamanda işğaldan azad olunan torpaqlarda aparılan çəkilişlər, reportajlar və analitik materiallar xalqımızın Zəfər sevincini bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin dünyanın aparıcı televiziya kanallarına və nüfuzlu informasiya agentliklərinə verdiyi çoxsaylı müsahibələr informasiya savaşında Azərbaycanın böyük üstünlüyünü təmin etdi. Dövlət başçısının tutarlı faktlara və beynəlxalq hüquqa əsaslanan çıxışları erməni təbliğatını iflasa uğratdı. Azərbaycan mediası isə bu həqiqətlərin ölkə daxilində və beynəlxalq informasiya məkanında geniş yayılmasına mühüm töhfə verdi.
2023-cü ilin lokal antiterror tədbirləri zamanı da Azərbaycan mediası yüksək peşəkarlıq nümayiş etdirdi. Dövlət qurumları ilə operativ koordinasiya şəraitində cəmiyyətin düzgün məlumatlandırılması təmin olundu, dezinformasiyaların qarşısı qətiyyətlə alındı və Azərbaycanın suveren hüquqlarının bərpası dünya ictimaiyyətinə dolğun şəkildə çatdırıldı.
Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin geniş işıqlandırılması da milli medianın əsas fəaliyyət istiqamətlərindən biridir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr, yeni şəhər və kəndlərin salınması, yolların, məktəblərin, xəstəxanaların, sənaye müəssisələrinin tikintisi, tarixi və dini abidələrin bərpası Azərbaycan jurnalistlərinin hazırladıqları reportajlar vasitəsilə həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya təqdim olunur.
Rəqəmsal texnologiyaların sürətli inkişafı medianın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Sosial şəbəkələrin və rəqəmsal platformaların geniş yayılması şəraitində peşəkar jurnalistikanın məsuliyyəti daha da artır. Dezinformasiyaya qarşı mübarizə, milli maraqların müdafiəsi, obyektiv informasiya yayımı və etik jurnalistika prinsiplərinə sadiqlik bu gün Azərbaycan mediasının əsas prioritetlərindəndir.
Milli mətbuatımız təkcə informasiya yayan vasitə deyil, həm də milli yaddaşın qoruyucusu, tariximizin salnaməçisi, dövlətçilik ənənələrimizin təbliğatçısıdır. Azərbaycanın qazandığı tarixi Zəfərin, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının dünyaya çatdırılmasında milli medianın xidmətləri xüsusi dəyərə malikdir.
Bu gün Azərbaycan mətbuatı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yoluna və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasına sadiq qalaraq müasir, peşəkar və milli maraqları hər şeydən üstün tutan media kimi fəaliyyət göstərir. Güclü dövlət, güclü cəmiyyət və güclü informasiya məkanı anlayışları artıq bir-birini tamamlayan amillərə çevrilmişdir.
