YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Özbəkistan müttəfiqliyi: regionda təhlükəsizlik, əməkdaşlıq və inkişaf amili

Nurlan Həsənov

Milli Məclisin deputatı

Azərbaycan Prezidenti İlham Əliyevin 23 avqust tarixində Özbəkistana dövlət səfəri Bakı–Daşkənd münasibətlərinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar baxımından xüsusi əhəmiyyət daşıyır.

Daşkənddə keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan çoxsaylı sənədlər, yeni investisiya və sənaye layihələri, prezidentlərin qarşılıqlı təltif olunması və “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki ölkə arasında münasibətlərin artıq konkret mexanizmlər və layihələrlə zənginləşdiyini nümayiş etdirir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı ölkələrindən biridir. Coğrafi baxımdan fərqli regionlarda yerləşsələr də, onların qarşılıqlı iqtisadi və geosiyasi maraqları getdikcə daha çox kəsişir. Ölkəmizin Xəzər dənizinə çıxışı, inkişaf etmiş nəqliyyat infrastrukturu və Avropa bazarlarına çıxış imkanları Özbəkistan üçün mühüm əhəmiyyət daşıyır. Özbəkistanın isə Mərkəzi Asiyanın mərkəzində yerləşməsi, böyük əhali və istehsal potensialı Azərbaycanın regiona çıxış imkanlarını genişləndirir. Beləliklə, Bakı və Daşkənd arasında əməkdaşlıq coğrafi uzaqlığı iqtisadi yaxınlığa çevirən prosesdir.

Azərbaycan–Özbəkistan münasibətlərində iqtisadi maraqlar mühüm rol oynasa da, əlaqələrin əsas amili siyasi etimaddır. İki ölkənin liderləri arasında formalaşmış münasibətlər əməkdaşlığın yeni sahələrə sürətlə yayılmasına imkan verib. 2022-ci ildə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə, 2024-cü ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2026-cı ildə Əbədi dostluq haqqında Müqavilə münasibətlərin siyasi-hüquqi bazasının ardıcıl şəkildə möhkəmləndiyini təsdiqləyir. Nəticədə siyasi etimad iqtisadi layihələrə, iqtisadi əlaqələr isə daha geniş regional əməkdaşlığa çevrilib.

İki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması qarşıdakı dövrün əsas iqtisadi hədəflərindəndir. Bu rəqəm iki ölkə arasında iqtisadi əlaqələrin miqyasının dəyişdiyini göstərən mühüm göstərici ola bilər. Bu gün müxtəlif sahələrdə çoxsaylı layihələrin həyata keçirilməsi iqtisadi münasibətlərin strukturunu dəyişib. Artıq yalnız mal mübadiləsindən deyil, birgə istehsaldan, qarşılıqlı investisiyalardan və sənaye kooperasiyasından danışılır.

500 milyon dollarlıq Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu iki ölkənin iqtisadi əməkdaşlığında xüsusi yer tutur. Fondun əsas üstünlüyü ondan ibarətdir ki, uzunmüddətli və iri layihələrin maliyyələşdirilməsi üçün institusional mexanizm yaradır. Gələcəkdə bu fondun fəaliyyəti yalnız Azərbaycan və Özbəkistanla məhdudlaşmaya, iki ölkənin şirkətlərinin üçüncü bazarlara çıxışına da imkan yarada bilər. Bu isə Bakı–Daşkənd iqtisadi tərəfdaşlığının regional miqyasını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir. Prezident İlham Əliyev qeyd edib: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində Özbəkistanın iştirakı iki ölkə münasibətlərinin mənəvi tərəfini xüsusi şəkildə nümayiş etdirir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi bu dəstəyin ilk mühüm amillərindən biri olub. Xankəndidə tikiş fabrikinin yaradılması isə münasibətlərin daha geniş iqtisadi məzmun qazandığının göstəricisidir. Bu layihələr Qarabağın bərpasına töhfə verməklə yanaşı, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın yeni coğrafiyasını formalaşdırır. Qarabağ artıq dost və qardaş ölkələrin investisiyalarının yönəldiyi yeni iqtisadi məkana çevrilir.

Özbəkistanın Avropa bazarlarına çıxışının genişləndirilməsi üçün Xəzər üzərindən Azərbaycan istiqaməti mühüm alternativdir. Azərbaycan isə Mərkəzi Asiyanın artan yük potensialından öz tranzit imkanlarının genişləndirilməsi üçün istifadə edə bilər. Bu qarşılıqlı maraq Orta Dəhlizin əhəmiyyətini artırır. Dəhlizin inkişafı ilə Azərbaycan yalnız tranzit ölkə kimi deyil, Mərkəzi Asiya ilə Avropa arasında logistika mərkəzi kimi mövqeyini gücləndirəcəkdir. Özbəkistan üçün isə alternativ ixrac marşrutlarının artması xarici ticarətin dayanıqlılığını gücləndirir. Dövlətimizin başçısı qeyd edib: “Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir”.

Azərbaycan və Özbəkistanın enerji sahəsində əməkdaşlığı ənənəvi neft-qaz layihələri ilə yanaşı yeni enerji gündəliyinə də keçəcəkdir. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin son mərhələyə çatması qarşılıqlı fəaliyyətin real nəticələrindən biridir. SOCAR-ın Özbəkistan bazarında fəaliyyəti də bu sahədə əməkdaşlığın dərinliyinin göstəricisidir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün də ciddi potensial mövcuddur. Azərbaycanın külək enerjisi, xüsusilə Xəzər dənizinin potensialı, Özbəkistanın isə günəş və külək enerjisi resursları yeni layihələr üçün zəmin yaradır. Gələcəkdə texnologiya mübadiləsi və enerji sahəsində kadr hazırlığı da əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər.

İki ölkənin iqtisadi münasibətlərində dövlətlərarası layihələrlə yanaşı, şirkətlərarası əməkdaşlığın da xüsusi əhəmiyyəti var. Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması maliyyə inteqrasiyasının dərinləşməsinin göstəricisidir. SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarında iştirakı isə Azərbaycanın enerji şirkətlərinin Mərkəzi Asiya bazarına inteqrasiyasının nümunəsidir. Bu proseslər gələcəkdə digər Azərbaycan və Özbəkistan şirkətlərinin də qarşılıqlı bazarlara daxil olmasını stimullaşdıra bilər.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksəlişi Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə də mühüm töhfə verir. İki ölkənin iqtisadi potensiallarının birləşdirilməsi nəqliyyat, enerji, investisiya və sənaye kooperasiyası baxımından digər türk dövlətləri üçün də yeni imkanlar yarada bilər. Orta Dəhlizin genişləndirilməsi, qarşılıqlı investisiya mexanizmlərinin yaradılması və ortaq istehsal layihələrinin artırılması Türk dünyasının iqtisadi əlaqəliliyini gücləndirəcəkdir. Bu mənada Bakı–Daşkənd münasibətləri daha böyük inteqrasiya prosesinin mühüm həlqəsidir.

Xəzər dənizi, Orta Dəhliz, yeni investisiya mexanizmləri, enerji layihələri və Türk dünyasında inteqrasiya prosesləri bu əməkdaşlığın təsir dairəsini genişləndirir. Azərbaycan və Özbəkistan qarşıdakı mərhələdə də paralel inkişafı və qarşılıqlı əməkdaşlığı davam etdirmək əzmindədir. Bu baxımdan Bakı–Daşkənd xətti Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir, Avrasiyanın nəqliyyat və iqtisadi xəritəsində yeni imkanlar yaradır və Türk dünyasının yüksələn geoiqtisadi çəkisini gücləndirir. “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması isə bu münasibətlərin mahiyyətini və gələcəyə yönəlmiş siyasi iradəni ən aydın şəkildə ifadə edən tarixi addımlardan biridir.