Xəbərlər
Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi davamlı uğurlarında öz sözünü deyir. Ayrı-ayrı dövlətlərlə qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxaalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək səviyyədədir. Türk dünyasının birliyi, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi xarici siyasətimizdə xüsusi yer tutur. Bu gün Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xətlə inkişafı bunun bariz nümunəsidir.
Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Özbəkistana dövlət səfəri əməkdaşlığın əbədi dostluğa çevrildiyini təsdiqləyən sənədin imzalanması ilə tarixə yazıldı. Həmçinin səfər çərçivəsində iki dost ölkənin münasibətlərinin təqdimatında mühüm rol oynayan addımlar atıldı, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Əlaqələrimizin inkişafında Prezidentlərin qarşılıqlı səfərlərinin dinamikliyi əhəmiyyətli rol oynayır. “Özbəkistana səfərlərimin xronologiyasına baxanda ən intensiv dövr son dörd-beş ilə təsadüf edir. Bu müddət ərzində mən Özbəkistana artıq yeddinci dəfədir səfər edirəm, Şavkat Miromonoviçin Azərbaycana səfərlərinin sayı isə həmin dövrdə daha çox olub” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bu, sadəcə statistikadır. Amma bu statistikanın arxasında, ilk növbədə, ortaq köklərimiz, xalqlarımızın yaxınlığı, mədəniyyətlərimizin, dillərimizin və adət-ənənələrimizin yaxınlığı, bir-birimizə qarşı səmimi münasibət, özbək və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluq dayanır. O da qeyd edildi ki, bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir. Əlbəttə, Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, on, bəlkə də daha çox layihənin açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.
Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır.
Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqlədi. İki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Bu səfərin gündəliyi olduqca zəngin idi. Səfər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələr aparıldı, bir sıra mühüm sənədlər imzalandı. Mətbuata bəyanatında “Mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir” söyləyən cənab İlham Əliyev bildirdi ki, Şavkat Mirziyoyev Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik. Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır. Şavkat Mirziyoyevin ikitərəfli münasibətlərimizlə bağlı söylədiyi bütün fikirlər ilk növbədə onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir: “Mən bu gün artıq bu barədə danışmışam: əgər bu təməl, bu potensial olmasaydı, heç bir birgə layihəni həyata keçirmək mümkün olmazdı. Ümumiyyətlə, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”.
Dövlətimizin başçısı İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində də Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm təmələ əsaslandığı, uğurla inkişaf etdiyi əsaslı şəkildə qeyd edildi. Cənab İlham Əliyev vurğuladı ki, iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb. Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Şavkat Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb. Dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Dərin köklərə malik olan Azərbaycan-Özbəkistan qardaşlığının, dostluğunun daha da möhkəmlənməsi üçün geniş imkanlar yaranır. İmzalanan hər bir sənəd yeni istiqamət üzrə əməkdaşlıq, sabaha bir çağırışdır.
