Xəbərlər
3 sentyabr 1991: Naxçıvandan başlanan xilaskarlıq missiyası və Azərbaycan dövlətçiliyinin yeni mərhələsi
Emin Şıxəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru
Azərbaycan tarixində elə günlər, elə tarixlər vardır ki, onların əhəmiyyəti yalnız baş verdiyi zaman kəsiyi ilə məhdudlaşmır. Belə tarixlər xalqın taleyində dönüş nöqtəsinə çevrilir, sonrakı siyasi proseslərin istiqamətini müəyyənləşdirir və dövlətçilik tarixinin yaddaşına əbədi həkk olunur. 3 sentyabr 1991-ci il məhz belə tarixi günlərdəndir. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında xalqın böyük inam və təkidi ilə Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi, ilk baxışda muxtar respublikanın siyasi həyatında baş vermiş mühüm hadisə kimi görünə bilərdi. Lakin zaman göstərdi ki, bu qərar Azərbaycanın müstəqillik tarixinin ən mühüm siyasi hadisələrindən biri idi. Azərbaycan Respublikası Milli Məclisinin materiallarında da qeyd olunduğu kimi, Heydər Əliyevin Naxçıvan rəhbərliyinə gəlməsi muxtar respublikada dövlət quruculuğu, idarəetmə, iqtisadi islahatlar, xarici əlaqələr, müdafiə və hərbi quruculuq istiqamətlərində yeni mərhələnin başlanmasına səbəb oldu.
1991-ci il Azərbaycan üçün olduqca mürəkkəb və ziddiyyətli dövr idi. Sovet İttifaqının siyasi sistemi sürətlə dağılır, imperiyanın keçmiş respublikalarında milli dövlətçilik meyilləri güclənir, Azərbaycanda isə siyasi və iqtisadi böhran dərinləşirdi. Belə bir şəraitdə Naxçıvanın vəziyyəti daha ağır idi. Muxtar respublika Ermənistanın hərbi təcavüzü və blokada şəraitində yaşayır, əhalinin təhlükəsizliyi, ərzaq və enerji təminatı ciddi problemlərlə üzləşirdi. Məhz həmin tarixi mərhələdə xalqın böyük dövlətçilik təcrübəsinə və siyasi iradəyə malik liderə ehtiyacı var idi. Bu lider isə artıq Azərbaycan dövlətçiliyinin inkişafında böyük xidmətlər göstərmiş Heydər Əliyev idi. Onun 1990-cı ildə Naxçıvana qayıdışı ilə muxtar respublikanın siyasi həyatında yeni mərhələ başlanmışdı. Naxçıvan əhalisinin iradəsi ilə deputat seçilən Heydər Əliyev qısa müddətdə xalqın böyük etimadını qazandı. Nəhayət, 3 sentyabr 1991-ci ildə onun Ali Məclisin Sədri seçilməsi həmin etimadın siyasi ifadəsinə çevrildi. Bu, Azərbaycanın siyasi tarixində milli iradənin siyasi hakimiyyət üzərində üstünlüyünün nümayişi idi.
Heydər Əliyevin Naxçıvan rəhbərliyinə gəlməsindən sonra muxtar respublikada qəbul edilən qərarlar Azərbaycanın gələcək dövlətçilik modelinin mühüm elementlərini özündə əks etdirməyə başladı. Naxçıvan parlamenti milli dövlətçilik ideyasının real siyasi qərarlara çevrildiyi məkana çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi bunun ən parlaq nümunələrindən biri idi. Bu təşəbbüs sonradan Azərbaycan parlamenti qarşısında da qaldırıldı və milli dövlət rəmzlərinin bərpası istiqamətində mühüm siyasi addıma çevrildi.
Digər mühüm addım Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması idi. Bu qərarın siyasi mahiyyəti son dərəcə böyük idi. Çünki söhbət yalnız ad dəyişikliyindən getmirdi. Bu, milli dövlətçilik şüurunun siyasi-hüquqi müstəvidə ifadəsi idi. Eyni zamanda, Sovet İttifaqının saxlanılması ilə bağlı referendumun Naxçıvanda keçirilməsinə yol verilmədi. Bununla Naxçıvan Azərbaycanın müstəqillik yolunda fərqli və prinsipial siyasi mövqe nümayiş etdirdi.
Bu hadisələr bir daha göstərirdi ki, Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti yalnız muxtar respublikanın gündəlik problemlərinin həlli ilə məhdudlaşmırdı. Onun fəaliyyətinin arxasında daha böyük strateji məqsəd – Azərbaycanın milli dövlətçiliyinin qorunması və müstəqilliyin siyasi əsaslarının möhkəmləndirilməsi dayanırdı.
3 sentyabr 1991-ci ili yalnız “Heydər Əliyevin Ali Məclisin Sədri seçildiyi gün” kimi qiymətləndirmək, məncə, bu tarixin əsl siyasi mahiyyətini tam ifadə etmir. Bu tarix, əslində, üç mühüm prosesin qovuşduğu nöqtədir. Birincisi, xalqın liderə etimadı. İkincisi, milli dövlətçilik ideyasının siyasi iradəyə çevrilməsi. Üçüncüsü isə, Naxçıvanın Azərbaycanın müstəqillik tarixində xüsusi siyasi rolunun güclənməsi.
Heydər Əliyev Naxçıvanda hakimiyyətə gəldiyi ilk gündən dövlət idarəçiliyinə, müdafiə məsələlərinə, iqtisadi problemlərə və xarici əlaqələrin inkişafına xüsusi diqqət yetirdi. Elə 3 sentyabrdan cəmi bir neçə gün sonra – 7 sentyabr 1991-ci ildə Naxçıvanda Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərarın qəbul edilməsi də həmin siyasi kursun mühüm göstəricisi idi. Bu addımların hər biri konkret tarixi şəraitin diktə etdiyi qərarlar idi. Lakin onların ümumi mahiyyəti eyni idi: Naxçıvanı qorumaq, xalqı səfərbər etmək və milli dövlətçilik iradəsini yaşatmaq.
Heydər Əliyevin Naxçıvan fəaliyyəti Azərbaycan dövlətçiliyinin gələcək inkişafı üçün böyük siyasi məktəb oldu. Bu məktəbin əsas prinsipləri milli maraqlara sadiqlik, dövlətçilik, siyasi sabitlik, güclü idarəçilik, xalqla birlik və milli iradəyə söykənən siyasət idi. Məhz buna görə Heydər Əliyevin Naxçıvan dövrünü Azərbaycanın müstəqillik tarixindən ayrı təsəvvür etmək mümkün deyil.
Prezident İlham Əliyev də müxtəlif çıxışlarında Naxçıvan mərhələsinin Azərbaycanın müstəqilliyinə aparan yolda xüsusi əhəmiyyətini vurğulayıb və müstəqilliyə gedən yolun məhz Naxçıvandan başladığını qeyd edib. Bu baxımdan 3 sentyabr yalnız keçmişin xatirəsi deyil. Bu tarix həm də Azərbaycanın dövlətçilik fəlsəfəsinin formalaşmasında mühüm mərhələdir.
Tarixin ən mühüm xüsusiyyətlərindən biri də budur ki, ayrı-ayrı hadisələr bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid siyasi prosesin mərhələləri kimi meydana çıxır. 1991-ci ilin 3 sentyabrında Naxçıvanda başlayan proses 1993-cü ildə Azərbaycanın taleyində daha böyük siyasi mərhələyə keçdi. 1993-cü ilin ağır siyasi böhranı, dövlətçiliyin və müstəqilliyin təhlükə qarşısında qalması xalqı yenidən Heydər Əliyevə üz tutmağa sövq etdi. Azərbaycan Milli Məclisinin materiallarında da qeyd edildiyi kimi, həmin dövrdə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmış, xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələb etmişdi.
Beləliklə, 3 sentyabr 1991-ci il Naxçıvan mərhələsinin, 15 iyun 1993-cü il isə ümumazərbaycan siyasi qayıdışının mühüm tarixi mərhələsinə çevrildi. Bu iki tarixi hadisəni bir-birindən ayırmaq olmaz. Birincisi Naxçıvanda dövlətçilik iradəsinin möhkəmləndirilməsi idisə, ikincisi həmin dövlətçilik iradəsinin bütün Azərbaycan miqyasında siyasi hakimiyyətə çevrilməsi idi.
Bu gün, müstəqil Azərbaycan dövlətinin güclü, qüdrətli və beynəlxalq nüfuzu yüksək olan bir ölkəyə çevrildiyi mərhələdə 3 sentyabr 1991-ci ilin hadisələrinə nəzər salarkən tarixi prosesin nə qədər doğru istiqamətdə inkişaf etdiyini daha aydın görürük. Heydər Əliyevin siyasi irsinin əsas mahiyyəti dövlətçilikdir. Ulu Öndərin Naxçıvanda həyata keçirdiyi siyasətin əsas qayəsi isə xalqın və dövlətin gələcəyini qorumaq idi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində də dövlətçilik ənənələrinin davamlılığını görürük. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi və milli maraqlara əsaslanan müstəqil siyasət bu siyasi irsin müasir mərhələdə davamı kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə qeyd etmək mümkündür ki, 3 sentyabr 1991-ci il Naxçıvanın, Azərbaycanın və ümumilikdə milli dövlətçilik tariximizin mühüm dönüş nöqtələrindən biridir. Həmin gün Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi xalqın öz liderinə göstərdiyi tarixi etimadın ifadəsi olmaqla yanaşı, milli dövlətçilik iradəsinin siyasi müstəvidə təntənəsi idi. Naxçıvan o ağır illərdə yalnız coğrafi baxımdan Azərbaycanın ayrılmaz hissəsi deyildi. O, həm də milli dövlətçilik ideyasının qorunduğu siyasi məkan idi. Heydər Əliyev isə bu məkanın siyasi iradəsini Azərbaycan dövlətçiliyinin böyük tarixi strategiyasına çevirməyi bacardı. Bu səbəbdən 3 sentyabrı yalnız bir seçkinin və ya bir siyasi vəzifəyə seçilmənin tarixi kimi deyil, Azərbaycanın müstəqillik salnaməsində yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirmək lazımdır.
Bu tarix bizə bir daha göstərir ki, dövlətçilik yalnız siyasi hakimiyyət məsələsi deyil. Dövlətçilik, ilk növbədə, xalqın milli iradəsinə, tarixi yaddaşına, dövlətin ərazi bütövlüyünə və müstəqilliyinə sədaqətdir. 3 sentyabr 1991-ci il bu iradənin Naxçıvanda siyasi qərara çevrildiyi, Azərbaycan dövlətçiliyinin gələcək yolunun müəyyənləşməsində mühüm rol oynadığı tarixi gündür. 3 sentyabr – Naxçıvandan Azərbaycanın gələcəyinə uzanan dövlətçilik yolunun mühüm başlanğıc tarixlərindən biridir. Bu gün biz həmin tarixi ehtiramla yad edir, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini minnətdarlıqla xatırlayırıq.
