YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının XII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsi olan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi uğurlara imza atıb. Vurğulanıb ki, sıralarında 700 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti Vətənə, xalqa və dövlətə xidmət nümunəsidir.

Çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən şərəfli yol keçərək cəmiyyətin etimadını qazanmışdır. Qeyd olunub ki, sözlə əməl birliyi partiyanın nüfuzunu daha da artırmış, ölkənin aparıcı siyasi təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir.

Milli Məclisin deputatı Heydər Əsədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları əsasında tarixin bütün sınaqlarından uğurla çıxan və dövlətçilik ənənələrinin inkişafına misilsiz töhfələr verən YAP-ın sıraları Prezident İlham Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində günü-gündən genişlənir. O, “Bu gün YAP üzvlərinin sayının 700 mindən çox olması partiyanın gələcəyinə olan inamın göstəricilərindəndir”, - deyə vurğulayıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının daha da yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunması naminə məqsədyönlü siyasət həyata keçirildiyini diqqətə çatdırıb. Bu proseslərdə Yeni Azərbaycan Partiyasının daim ön sırada olduğunu qeyd edən Əli Axundov növbəti dövr üçün qarşıda duran vəzifələrdən danışıb.

YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri Sevinc Tağıyeva, partiya fəalı Şölə İbrahimova və partiya veteranı, Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən dövr ərzində rayon təşkilatının uğurlu fəaliyyətindən bəhs ediblər.

Konfransda YAP Hacıqabul rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.