Xəbərlər
Regionda davamlı sülhün əsas şərtlərindən biri
“Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistan cəmiyyətindəki revanşist yanaşmaları yenidən üzə çıxarıb. Bu mənada Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistan cəmiyyətinin bir sıra dairələrində narazılıq və etirazlarla qarşılanması məntiqdən, reallıqdan uzaqdır. Sözsüz ki, xarici diplomatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə səfərinə qarşı səsləndirilən fikirlər Ermənistan cəmiyyətinin müəyyən hissəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqelərin hələ də ziddiyyətli olaraq qaldığını göstərir.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu məsələ yalnız diplomatik nümayəndələrin səfərinə münasibətlə məhdudlaşmır: “Ermənistanın müxtəlif media və ictimai-siyasi resurslarında səsləndirilən bəzi fikirlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı yanaşmaların, eləcə də Qarabağla bağlı əvvəlki iddiaların müxtəlif formalarda gündəmə gətirilməsi müşahidə olunur. Azərbaycanın suverenliyinə hörmət beynəlxalq hüququn əsas prinsipidir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipləri əsasında tanınır və beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti tərəfindən dəstəklənir. Bu baxımdan Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfərinə etiraz edilməsi suverenlik prinsipinə münasibət baxımından ciddi suallar doğurur.
Diplomatik korpusun nümayəndələri təmsil etdikləri dövlətlərin rəsmi mövqeləri çərçivəsində fəaliyyət göstərirlər. Onların Azərbaycanın suveren ərazisinə səfəri hər hansı üçüncü tərəfin icazəsini tələb edən məsələ deyil. Belə reaksiyalar, eyni zamanda, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı son illərdə səsləndirilmiş rəsmi bəyanatların cəmiyyət daxilində nə dərəcədə qəbul edildiyi məsələsini də gündəmə gətirir”.
Deputat bildirib ki, tarixi və mədəni irs məsələsi yenidən siyasi müzakirələrin predmetinə çevrilməsi məntiqdən uzaqdır: “Çünki bəfərlə bağlı Ermənistan cəmiyyətində səsləndirilən fikirlərdə Qarabağdakı tarixi və dini abidələrin mənsubiyyəti məsələsi də xüsusi yer tutur. Gəncəsər və Xudavəng kimi tarixi abidələrin irsi ilə bağlı Azərbaycan və Ermənistan tərəflərinin yanaşmaları bir-birindən fərqlənir. Azərbaycan tərəfi Qarabağda mövcud olan xristian irsinin, o cümlədən Qafqaz Albaniyası ilə bağlı tarixi-mədəni abidələr Azərbaycan ərazisinin tarixi irsinin tərkib hissəsi olduğu hər kəsə məlumdur. Qafqaz Albaniyasının tarixi Qafqazın qədim və orta əsrlər tarixinin mühüm səhifələrindən biridir. Bu irslə bağlı məsələlərin siyasi qarşıdurma müstəvisinə keçirilməsi əvəzinə, elmi mənbələr, arxeoloji materiallar və beynəlxalq ekspertiza əsasında araşdırılması daha məqsədəuyğun olardı. Təbii ki, Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də indiki Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlıların mədəni irsinin vəziyyətidir. Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlara görə, indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadığı çoxsaylı yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar, tarixi tikililər və digər mədəni irs nümunələri mövcud olub. Azərbaycan həmin irsin əhəmiyyətli hissəsinin müxtəlif dövrlərdə dağıdıldığını və ya dəyişdirildiyini bildirir.
Tarixi yaşayış məntəqələrinin, dini abidələrin və qəbiristanlıqların taleyi ilə bağlı məsələlər yalnız siyasi mübahisə predmeti deyil, həm də mədəni irsin qorunması məsələsidir. Bu baxımdan bölgənin tarixi-mədəni mənzərəsinin bütün komponentlərinin sənədləşdirilməsi və araşdırılması xüsusi əhəmiyyət daşıyır”.
Komissiya sədri vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin formalaşmasına baxmayaraq, Ermənistan cəmiyyətində revanşist mövqelərin mövcudluğu diqqətdən kənarda qalmır: “Diplomatik nümayəndələrin Qarabağa səfərinə qarşı sərt reaksiyalar da bu baxımdan müəyyən dairələrdə əvvəlki siyasi təsəvvürlərin hələ də yaşadığını göstərən nümunə kimi qiymətləndirilir. Məsələnin digər diqqətçəkən tərəfi isə kampaniyanın Ermənistanın müxtəlif media resurslarında, o cümlədən hakim siyasi dairələrə yaxınlığı ilə tanınan platformalarda da geniş işıqlandırılmasıdır. Bu isə sözügedən reaksiyaların yalnız ayrı-ayrı radikal qrupların mövqeyi olub-olmadığı barədə suallar yaradır. Bununla belə, konkret siyasi qüvvələrin və ya hakimiyyət strukturlarının kampaniyanı təşkil etməsi barədə nəticə çıxarmaq üçün yayımlanan materialların mənbələri və məzmunu ayrıca araşdırılmalıdır. Sözsüz ki, Ermənistan parlamenti sədrinin açıqlaması da suallar doğurur. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlaması da Azərbaycan ictimaiyyətində narazılıq doğuran məqamlar sırasında yer alıb. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması fonunda Ermənistanın yüksək vəzifəli şəxslərinin Qarabağla bağlı bəyanatları xüsusi həssaslıqla qarşılanır. Çünki sülh prosesinin əsas prinsiplərindən biri tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsidir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdirilməsi üçün yalnız hökumətlər səviyyəsində aparılan danışıqlar kifayət etmir. Cəmiyyətlərin də yeni siyasi reallıqları qəbul etməsi və qarşı tərəfə münasibətdə konstruktiv yanaşmanın formalaşdırılması vacibdir. Azərbaycan dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün əsas şərtlərindən biri Azərbaycanın və Ermənistanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu baxımdan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə verilən reaksiyalar da sülh prosesinin ictimai-siyasi mühitinə təsiri baxımından əhəmiyyətlidir. Əgər tərəflər həqiqətən uzunmüddətli sülh və normallaşma istəyirlərsə, keçmiş münaqişənin ritorikasından uzaqlaşmalı, yeni reallıqları qəbul etməli və qarşılıqlı suverenliyə hörmət prinsipini ictimai diskursun əsas elementlərindən birinə çevirməlidir”.
Sevinc Hüseynova hesab edir ki, diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın suveren ərazilərində baş verən legitim diplomatik fəaliyyət kimi qiymətləndirilir: “Bu səfərə qarşı Ermənistan cəmiyyətinin müəyyən dairələrində müşahidə olunan reaksiyalar isə bir daha göstərir ki, sülh prosesinin yalnız siyasi deyil, həm də ictimai müstəvidə möhkəmləndirilməsinə ehtiyac var.
Regionda davamlı sülhün təmin olunması üçün qarşılıqlı ərazi bütövlüyünə hörmət, suverenlik prinsipinin qəbul edilməsi, revanşist çağırışlardan çəkinilməsi və hər iki xalqın mədəni irsinə hörmət əsas şərtlər sırasında olmalıdır”.
