Xəbərlər
Dövlət suverenliyinin bərpasından Böyük Qayıdışa
Asif Əsgərov
Milli Məclisin deputatı
Sentyabrın 20-nin ölkəmizin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi tarixi reallığın siyasi-hüquqi ifadəsidir. Bu gün Azərbaycanın öz ərazisi üzərində tam hakimiyyətini bərpa etməsini, Konstitusiyanın və qanunların ölkənin bütün ərazisində qüvvəsinin təmin olunmasını, milli dövlətçiliyimizin daha da möhkəmlənməsini təcəssüm etdirir.
XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin yeni şəraitdə davamı oldu. Lakin müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi ictimai-siyasi böhran, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövlətçiliyimiz qarşısında ciddi sınaqlar yaratdı. İşğal faktı Azərbaycanın dövlət suverenliyinə də ağır zərbə vurmuşdu. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində Azərbaycan qanunlarının tətbiqi mümkün deyildi. 1 milyondan çox soydaşımız doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi və mədəni irsimizə böyük ziyan vurulmuşdu.
2020-ci ildə əldə olunan tarixi Zəfər isə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Bu Qələbə xalqımızın milli iradəsinin, Ordumuzun döyüş qabiliyyətinin və dövlətimizin siyasi qətiyyətinin göstəricisi olmaqla yanaşı, işğalın aradan qaldırılması prosesinin həlledici mərhələsini təşkil etdi. Lakin ərazi bütövlüyünün böyük ölçüdə bərpa olunması ilə proses yekunlaşmadı. Azərbaycanın qarşısında öz ərazisində dövlət hakimiyyətini tam şəkildə bərpa etmək daha bir mühüm vəzifə dayanırdı. Qarabağda separatçı rejimin mövcudluğunun davam etməsi Azərbaycanın suverenliyinin bütün ərazi boyunca tam həyata keçirilməsinə imkan vermirdi.
2023-cü ildə baş verən hadisələr bu baxımdan tarixi əhəmiyyət daşıdı. Sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası təmin edildi. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalandıl. Beləliklə, Azərbaycan tarixində uzun illər davam edən mürəkkəb bir mərhələ başa çatdı. Ərazi bütövlüyünün bərpası dövlət suverenliyinin tam təmin edilməsi ilə tamamlandı. Azərbaycan dövləti öz ərazisinin hər bir hissəsində Konstitusiyanın və qanunların qüvvəsini təmin etmək imkanına sahib oldu. Məhz bu tarixi nəticənin ifadəsi olaraq sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edildi.
Azərbaycanın suverenliyinin bərpası ilə yeni məsuliyyət mərhələsi başlayıb. Əldə edilmiş tarixi nəticəni qorumaq, dövlətin gücünü artırmaq, iqtisadi imkanları genişləndirmək və vətəndaşların rifahını yüksəltmək suveren dövlət qarşısında dayanan başlıca vəzifələrdəndir. Çünki dövlət suverenliyi yalnız hüquqi status deyil, həm də ölkənin öz inkişaf yolunu sərbəst müəyyənləşdirməsi üçün yaradılan imkanların məcmusudur.
Tam suverenlik şəraitində Azərbaycan öz ərazilərinin iqtisadi potensialından daha geniş istifadə etmək, yeni nəqliyyat və kommunikasiya imkanları yaratmaq, regionlar arasında iqtisadi əlaqələri gücləndirmək imkanına malikdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri bu yeni mərhələnin əsas istiqamətlərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə yeni şəhər və kəndlərin salınması, yolların, enerji və sosial infrastrukturun qurulması, insanların doğma yurdlarına qayıtması tarixi Zəfərin real nəticələridir. Böyük Qayıdış prosesinin hər yeni mərhələsi Azərbaycanın öz ərazilərində tam hakimiyyətinin bərpa edilməsinin insanlar üçün yaratdığı imkanları nümayiş etdirir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximiz baxımından bu anlayışların daşıdığı xüsusi əhəmiyyəti bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin müvafiq Sərəncamında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası, eləcə də Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu ildönümü nəzərə alınaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin müasir dövlətçilik salnaməsində mühüm hadisə kimi qiymətləndirilir.
Bu gün Azərbaycan öz tarixinin yeni səhifəsini yazır. Vaxtilə torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizə indi həmin ərazilərdə yeni həyatın qurulması, insanların doğma yurdlarına qayıdışının təmin edilməsi ilə davam edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri nəticəsində müasir şəhər və kəndlər salınır, sosial və iqtisadi infrastruktur yenilənir, insanların təhlükəsiz, rahat və firavan yaşayışı üçün zəruri şərait yaradılır. Bu prosesin əsas məqsədi tarixi Zəfəri davamlı inkişaf, yüksək sosial rifah və dayanıqlı gələcəklə möhkəmləndirməkdir.
