Xəbərlər
Göygöl rayonunda Anım Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə bağlı rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, partiya veteranı Salman Balakişiyev, Vətən Müharibəsi Veteranları Birliyinin Göygöl rayon filialının sədri Həbib Hüseynov, müharibə iştirakçısı Valeh Mustafayev, fəal gənclər Şəhla Rüstəmova və Arzu İbrahimova çıxış ediblər.
Çıxışlarda 27 Sentyabr - Anım Gününün əhəmiyyətindən, 44 günlük Vətən müharibəsinin başlanma səbəblərindən və tarixi Zəfərlə nəticələnməsindən bəhs olunub. Döyüşlər zamanı qəhrəmanlıq göstərən Vətən övladlarının şücaəti, şəhidlərin fədakarlığı və qazilərin döyüş yolu haqqında fikirlər səsləndirilib. Həmçinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışılıb.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan hərbi-siyasi vəzifələri uğurla yerinə yetirib, işğal altında olan ərazilərimizin azadlığı təmin olunub və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə edilib. 44 gün davam edən döyüşlər xalqımızın həmrəyliyini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini və Vətən uğrunda mübarizə əzmini nümayiş etdirib.
Vurğulanıb ki, Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan xalqının milli iradəsinin və həmrəyliyinin təcəssümü kimi tarixə yazılıb. Bu Qələbənin əldə olunmasında canlarını fəda edən şəhidlərin və döyüşlərdə iştirak edən hərbçilərin qəhrəmanlığı xüsusi ehtiramla qeyd olunub.
Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ölkəmizin müasir tarixində mühüm hadisədir. Bu tarixi nailiyyətin əldə olunmasında dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və ordu quruculuğunun inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyıb.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və ölkənin inkişafında rolu xüsusi vurğulanıb. Eyni zamanda, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi və hərbi-siyasi nailiyyətlərdən bəhs olunub.
Sonda Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
