YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi sabitlik və iqtisadi inkişaf Azərbaycanı cəlbedici investisiya məkanına çevirib

Asif Əsgərov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkənin investisiya imkanlarının həm mövcud iqtisadi göstəricilərlə, həm də nəqliyyat infrastrukturu, enerji potensialı, regional bağlantılar, insan kapitalı və sabit biznes mühiti ilə şərtləndiyini nümayiş etdirir. Dövlət başçısının fikirləri Azərbaycanın qarşıdakı mərhələdə tranzit, enerji və yeni texnologiyalar sahəsində mövcud imkanlarını daha da genişləndirmək niyyətini ortaya qoyur.

Logistika, nəqliyyat və bağlantılar iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biri kimi təqdim olunur. Bu istiqamətdə uzun illər ərzində dəmir yollarının, dəniz limanlarının, avtomobil yollarının və hava yükdaşımaları infrastrukturunun inkişafına böyük investisiyalar yatırılıb. Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi və prosesin davam etdirilməsi nəqliyyat sisteminin texniki imkanlarının genişləndirilməsinə xidmət edir. Bununla yanaşı, Azərbaycanın bütün qonşularla nəqliyyat əlaqələrinin mövcudluğu ölkənin regional tranzit sistemində rolunu artırır.

Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal iştirak etməsi bu imkanları daha da genişləndirir. Ölkə ərazisindən keçən tranzit yüklərin həcmi sürətlə artır və bu il 16 milyon tona çatacağı gözlənilir. 2030-cu ilədək daşımaların həcminin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılması hədəfi isə logistika infrastrukturunun qarşıdakı illərdə də əsas investisiya istiqamətlərindən biri olaraq qalacağının göstəricisidir. Bu prosesdə regional əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkə kimi tranzit imkanlarını genişləndirmək üçün qonşu dövlətlərlə sıx əməkdaşlığa üstünlük verir. Təchizat zəncirlərində dəyişikliklərin baş verdiyi bir şəraitdə multimodal daşımaların inkişafı, gömrük idarəçiliyinin rəqəmsallaşdırılması və nəqliyyat sistemində idarəetmənin təkmilləşdirilməsi Azərbaycanın tranzit potensialını daha da artıran amillərdir.

Enerji sahəsində yeni imkanlar da investisiya gündəliyinin mühüm istiqamətlərindən biridir. Bərpaolunan enerji potensialının genişləndirilməsi ilə yanaşı, əlavə elektrik enerjisinin daxili tələbatın ödənilməsinə və ixracına yönəldilməsi nəzərdə tutulur. Bu baxımdan yeni elektrikötürücü xətlərin inşası və mövcud şəbəkənin genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Eyni zamanda, enerji potensialının süni intellekt və data mərkəzləri kimi yüksək enerji tələbatlı texnoloji sahələrə yönəldilməsi gələcək investisiyalar üçün yeni imkanlar yarada bilər.

Mədənçilik də iqtisadiyyatın perspektivli istiqamətlərindən biri kimi diqqət çəkir. Bu sahə ilə bağlı qəbul edilən dördillik dövlət proqramı yeni layihələrin reallaşdırılması, mövcud imkanların daha səmərəli qiymətləndirilməsi və investisiya fəallığının artırılması üçün institusional baza formalaşdırır. Mədən sənayesinin inkişafı xammal resurslarından daha səmərəli istifadə ilə yanaşı, emal zəncirinin genişləndirilməsi, əlavə dəyərin yaradılması, yeni istehsal sahələrinin formalaşdırılması və məşğulluq imkanlarının artırılması baxımından da əhəmiyyətlidir. Eyni zamanda, sahəyə müasir texnologiyaların tətbiqi, geoloji araşdırmaların genişləndirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi mədənçilikdə məhsuldarlığın yüksəldilməsi üçün mühüm şərtlər yaradır.

Neft-qaz sektoru isə iqtisadiyyatda aparıcı rolunu qoruyacaq. Bu sektor ölkənin maliyyə imkanlarının və ixrac gəlirlərinin formalaşmasında mühüm mənbələrdən biri olmaqla yanaşı, digər sahələrin inkişafına yönəldilən resursların təmin edilməsində də əhəmiyyətli rol oynayır. Neft-qaz sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektoruna, xüsusilə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, enerji və insan kapitalına investisiya şəklində yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsinə xidmət edən mühüm mexanizmdir. Belə yanaşma təbii resurslardan əldə edilən gəlirlərin uzunmüddətli iqtisadi dəyərə çevrilməsinə, yeni istehsal və xidmət sahələrinin yaranmasına, özəl sektorun fəallığının artmasına və iqtisadi artımın daha geniş sahələr üzrə təmin olunmasına imkan yaradır. İnvestorlar üçün digər mühüm amil uzunmüddətli əməkdaşlıq və müqavilə öhdəliklərinə sadiqlikdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb: “Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Beləliklə, hətta biz müqavilə parametrlərinin bəziləri ilə 100 faiz qane olmasaq belə, bu məsuliyyətin üstün tutulmalı olduğunu düşünürük. Hesab edirəm ki, xüsusilə bugünkü dünyada vacib amillərdən biri təhlükəsizlikdir. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Kriminogen vəziyyət tamamilə nəzarət altındadır”.

Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi də yeni imkanlar yaradır. Prezident İlham Əliyev çıxışında ölkənin siyasi-iqtisadi və nəqliyyat baxımından böyük Mərkəzi Asiya regionu ilə daha sıx inteqrasiyasını qeyd edib. Nəqliyyatın rəqəmsallaşdırılması, gömrük idarəçiliyinin təkmilləşdirilməsi və aydın tənzimləmə mexanizmləri investorlar üçün daha anlaşılan biznes mühitinin formalaşmasına xidmət edən amillər kimi qiymətləndirilir.

Bütün bunlarla yanaşı, Azərbaycanın təhlükəsizlik və sabitlik göstəriciləri, insan kapitalı, əlverişli iqlimi və beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanları da ölkənin investisiya mühitinin tamamlayıcı elementləridir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun məhz Bakıda keçirilməsi də potensial investorların ölkənin imkanlarını yerində görməsi baxımından əhəmiyyətlidir. Beləliklə, Azərbaycanın investisiya gündəliyi yalnız ayrı-ayrı iqtisadi sahələri deyil, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, mədənçilik və insan kapitalını birləşdirən daha geniş imkanlar sistemini əhatə edir.

DİGƏR Xəbərlər Arxiv