YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlverişli investisiya mühiti və sürətli rəqəmsal transformasiya: Azərbaycanla əməkdaşlıq mühüm perspektivlər vəd edir

Nurlan Həsənov

Milli Məclisin deputatı

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya gündəliyinin yalnız maliyyə resurslarının cəlb edilməsindən ibarət olmadığını, eyni zamanda insan kapitalının, texnologiyanın, qabaqcıl təcrübənin və beynəlxalq əməkdaşlığın vahid iqtisadi strategiya daxilində birləşdirildiyini nümayiş etdirir. Forum çərçivəsində keçirilən tədbirdə iştirak edən dövlətimizin başçısı İlham Əliyevin çıxışında vurğuladığı fikirlər xüsusilə yeni iqtisadi imkanların reallaşdırılmasında peşəkar kadrların, rəqəmsal transformasiyanın, enerji potensialının və əlverişli investisiya mühitinin rolunu ön plana çıxarıb.

Prezident İlham Əliyev peşəkar və ixtisaslı kadrların iqtisadi məqsədlərə çatmaq üçün əsas amillərdən biri olduğunu diqqətə çatdırıb. Texnologiyaların əldə edilməsinin mümkün olduğunu, lakin təcrübə və insan kapitalının xüsusi əhəmiyyət daşıdığını qeyd edən dövlət başçısı neft-qaz sənayesinin keçdiyi yolu nümunə göstərib. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən Qərbin enerji şirkətlərində çalışanların böyük əksəriyyətini əcnəbilər təşkil etdiyi halda, hazırda bu nisbətin kəskin dəyişməsi ölkədə yerli kadr potensialının formalaşdırılmasının nəticəsi kimi təqdim edilib. Bu proses yalnız milli kadrların hazırlanmasına deyil, Azərbaycan vətəndaşlarının qlobal şirkətlərdə müxtəlif vəzifələrdə fəaliyyət göstərməsinə də imkan yaradıb.

İnsan kapitalının formalaşdırılması siyasətində xaricdə təhsil proqramlarının da mühüm rolu var. 2003-cü ildən etibarən gənclərin dünyanın aparıcı təhsil müəssisələrində oxumasına şərait yaradılması minlərlə gəncin beynəlxalq təcrübə qazanmasına imkan verib. Xaricdə təhsil almış gənclərin böyük hissəsinin ölkəyə qayıtması isə əldə olunan bilik və bacarıqların daxili iqtisadi potensiala çevrilməsi baxımından əhəmiyyətlidir. Bu yanaşma rəqəmsal iqtisadiyyat, süni intellekt, kibertəhlükəsizlik və digər yeni texnoloji sahələr üçün kadr bazasının genişləndirilməsinə xidmət edir.

Qlobal şirkətlərin qabaqcıl yanaşmalarının öyrənilməsi yeni sahələrdə səmərəli fəaliyyət mühitinin formalaşdırılmasına imkan verə bilər. Bu baxımdan ölkənin qarşısında duran əsas məsələlərdən biri neft-qaz sektorunda əldə edilmiş təcrübəni digər sahələrə transfer etmək, iqtisadiyyatın strukturunda yeni istiqamətlərin çəkisini artırmaqdır.

İqtisadi şaxələndirmə məsələsi də bu kontekstdə xüsusi aktuallıq kəsb edir. Müsbət göstəricilər iqtisadiyyatın istehsal və ixrac strukturunda yeni sahələrin genişləndirilməsi üçün əhəmiyyətli imkanların mövcudluğunu göstərir. İnvestisiyaların texnologiya, emal sənayesi, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, logistika və digər istiqamətlərə yönəldilməsi ixracın strukturunun şaxələndirilməsinə əlavə imkanlar yarada bilər. Xüsusilə yüksək əlavə dəyər yaradan məhsulların istehsalının artırılması, yerli müəssisələrin müasir texnologiyalarla təmin edilməsi və ixracyönümlü istehsal sahələrinin genişləndirilməsi qeyri-neft sektorunun xarici bazarlardakı mövqeyini möhkəmləndirə bilər. Eyni zamanda, investisiya layihələrinin regionların iqtisadi imkanları nəzərə alınmaqla həyata keçirilməsi istehsal coğrafiyasının genişlənməsinə, yeni məşğulluq imkanlarının yaranmasına və yerli xammalın daha yüksək əlavə dəyərə malik məhsullara çevrilməsinə şərait yarada bilər. Beləliklə, şaxələndirmə yalnız iqtisadiyyatın ayrı-ayrı sahələrinə investisiya qoyuluşlarının artırılması deyil, həm də istehsal, emal, logistika və ixrac zəncirinin daha sıx əlaqələndirilməsi baxımından əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, iqtisadiyyatımız daha da şaxələndiriləcək: “Baxmayaraq ki, bu gün ÜDM-ə nəzər salsaq, onun 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşür. Lakin ixracımıza nəzər yetirsəniz, görərsiniz ki, ixracımızın hələ də 90 faizindən çoxu neft və qazın payına düşür. Biz bu göstəricini yaxşılaşdırmalıyıq və ümid edirik ki, bizimlə əməkdaşlıq etmək qərarına gələcək qonaqlarımızın köməyi ilə buna nail olacağıq”.

Forum çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi isə bu investisiya gündəliyinin praktiki müstəviyə keçdiyini nümayiş etdirən mühüm addımlardan biridir. Sənədlər enerji, neft-qaz, maliyyə, texnologiya, sənaye və investisiya sahələrini əhatə edir. “SOCAR”, “TotalEnergies”, “XRG”, “Comstock Resources”, “Apollo”, “SEFE”, “Eni”, “ExxonMobil”, “Oracle”, “VNG”, “UFlex Group”, “Carlsberg Group” və “Hong Kong Renteng International Trade Co. Limited” kimi şirkətlərlə imzalanan sənədlər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə yönəlib. İnvestisiya siyasətində əsas məsələ yalnız kapitalın ölkəyə gətirilməsi deyil, həmin kapitalın texnologiya, bilik, təcrübə və yeni istehsal imkanları ilə birlikdə iqtisadi dövriyyəyə daxil edilməsidir. Bunun üçün təhlükəsiz və sabit mühit, proqnozlaşdırılan vergi sistemi, əlverişli biznes şərtləri ilə yanaşı, yüksək ixtisaslı insan resurslarının mövcudluğu da mühüm şərtdir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qeyd edilən fikirlər və imzalanan sənədlər qarşıdakı dövrdə investisiya siyasətinin daha geniş sahələri əhatə edəcəyinin göstəricisidir. Enerji ənənəvi əhəmiyyətini qorumaqla yanaşı, rəqəmsal texnologiyalar, yüksək ixtisaslı kadrlar, sənaye, qeyri-neft ixracı və beynəlxalq infrastruktur layihələri yeni əməkdaşlıq imkanları yaradır. Beləliklə, investisiya gündəliyinin əsas xətti kapital, texnologiya, təcrübə və insan potensialının vahid iqtisadi mühitdə birləşdirilməsinə yönəlir.

DİGƏR Xəbərlər Arxiv