YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid geyim təhsilimizin gələcəyinə xidmət edir

Anar Məmmədov

Milli Məclisin deputatı

Məktəb təkcə bilik və bacarıqların ötürüldüyü tədris ocağı deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, gənclərimizi sosial həyata və birgəyaşayış qaydalarına hazırlayan mühüm sosial institutdur. Məktəb mühitinin ən fundamental prinsiplərindən biri bərabərlikdir. Sosial statusundan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq, hər bir övladımız eyni şərtlərdə təhsil almalı, eyni fürsətlərə sahib olmalıdır. Dövlət təhsil sistemimizin dünyəvi xarakteri də məhz bunu tələb edir. Məktəb hər cür dini, siyasi və ya ideoloji təbliğatdan kənar, bütün şagirdlər üçün neytral, təhlükəsiz və inklüziv mühit olmalıdır. Bu baxımdan, vahid məktəbli forması sadəcə bir geyim məsələsi deyil, birbaşa təhsil fəlsəfəmizin və sosial adaptasiya prosesinin vacib tərkib hissəsidir. Vahid geyim şagirdlər arasında sosial-iqtisadi fərqlərin görünməsinin qarşısını alır, ayrı-seçkilik risklərini azaldır və onların eyni parta arxasında bərabər şəraitdə oturmasına imkan yaradır. Eyni zamanda, vahid forma övladlarımızda kollektivə aidlik, daxili məsuliyyət və məktəb kimliyi hissini gücləndirir, məktəb-valideyn əməkdaşlığına və tədrisin keyfiyyətinə dəstək verir.

Məsələyə daha geniş bucaqdan baxsaq, məktəbdə sağlam təşkilati mədəniyyətin formalaşmasında müəllimlərimizin də rolu əvəzsizdir. Şagirdlərin vahid forma geyindiyi bir mühitdə müəllimlərin də vahid işgüzar üsluba riayət etməsi məktəbin ümumi korporativ mədəniyyətini və daxili intizamını tamamlayan mühüm amildir. Müəllimin sadə, səliqəli və işgüzar geyimi şagirdlərin diqqətinin dərsdən yayınmasının qarşısını almaqla yanaşı, pedaqoji nüfuzun qorunmasına və şagirdlərdə geyim/davranış mədəniyyətinin formalaşmasına müsbət təsir edir.

Vahid işgüzar geyim üslubu müəllim kollektivində komanda ruhunu və həmrəyliyi gücləndirir, izafi geyim rəqabətini aradan qaldırır və məktəbin ictimai nüfuzunu artırır. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət olunması həm müəllimlər, həm şagirdlər, həm də valideynlər üçün ümumi məsuliyyətdir. Biz inanırıq ki, məktəblərimizdə bu sağlam və bərabərhüquqlu mühitin qorunması təhsilimizin keyfiyyətinə və gələcək nəslin sağlam ruhda yetişməsinə böyük töhfə verəcəkdir.

DİGƏR Xəbərlər Arxiv