Xəbərlər
AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb geosiyasi proseslərin, yeni təhlükəsizlik çağırışlarının və iqtisadi əlaqələrin yenidən formalaşmasının şahidi olur. Belə bir şəraitdə dövlətlər arasında dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformaların əhəmiyyəti daha da artır. Bu baxımdan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) xüsusi əhəmiyyət daşıyır.
AQEM-in yaradılması ideyası ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən irəli sürülüb. Təşəbbüsün əsas məqsədi Asiyada sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verən, dövlətlər arasında etimadı və qarşılıqlı anlaşmanı gücləndirən universal dialoq platformasının formalaşdırılması idi. Bu gün AQEM 28 üzv dövləti birləşdirən və Asiya qitəsinin böyük hissəsini əhatə edən mühüm çoxtərəfli platformaya çevrilib.
Azərbaycan AQEM-in fəaliyyətində ilk illərdən etibarən fəal iştirak edən dövlətlərdəndir. Ölkəmizin AQEM-ə yanaşması təşkilatın əsas prinsipləri – dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət, dialoq və qarşılıqlı etimadın təşviqi ilə uzlaşır.
Azərbaycanın 2024–2026-cı illər üzrə AQEM sədrliyi ölkəmizin bu platformadakı rolunu daha da gücləndirib. Sədrliyin əsas konsepsiyası “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” kimi müəyyənləşdirilib. Bu yanaşma Azərbaycanın AQEM-ə yalnız siyasi dialoq platforması kimi deyil, həm də praktiki əməkdaşlığın inkişaf etdirilə biləcəyi mühüm məkan kimi yanaşdığını göstərir. Rəqəmsallaşma, nəqliyyat və iqtisadi bağlantılar, davamlı inkişaf, yeni texnologiyalar və regional əməkdaşlıq kimi istiqamətlərin gündəmə gətirilməsi təşkilatın dəyişən beynəlxalq reallıqlara uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.
Azərbaycan sədrliyi dövründə AQEM-in institusional inkişafı məsələsi də xüsusi diqqət mərkəzində olub. 2023-cü ildə qəbul edilmiş “Yol Xəritəsi” əsasında Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata transformasiyası istiqamətində iş aparılır. Təşkilatın gələcək hüquqi statusunu müəyyənləşdirəcək Nizamnamə layihəsi üzrə danışıqların davam etdirilməsi AQEM-in daha institusional və nəticəyönümlü struktura çevrilməsi baxımından mühüm mərhələdir.
Azərbaycan sədrliyinin mühüm istiqamətlərindən biri də AQEM məkanında iqtisadi əməkdaşlığın və biznes əlaqələrinin genişləndirilməsidir. 2025–2026-cı illərdə AQEM Biznes Şurasına Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrliyi bu istiqamətdə atılmış praktik addımlardan biridir. Bu təşəbbüs üzv ölkələrin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, yeni investisiya və əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və kiçik və orta sahibkarlığın inkişafına dəstək baxımından əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycanın təcrübəsi də xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onu Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirir. Buna görə AQEM məkanında nəqliyyat, logistika, rəqəmsal bağlantılar və ticarət imkanlarının inkişaf etdirilməsi həm Azərbaycan, həm də digər üzv dövlətlər üçün yeni iqtisadi perspektivlər yarada bilər.
AQEM çərçivəsində Azərbaycanın irəli sürdüyü mühüm istiqamətlərdən biri də qadınların və gənclərin ictimai, iqtisadi və siyasi proseslərdə rolunun artırılmasıdır. 2026-cı ilin aprelində keçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans bu baxımdan diqqətəlayiq təşəbbüs olub. Tədbirdə qadın sahibkarlığı, qanunvericilik, süni intellekt və rəqəmsallaşmanın qadınlar üçün yaratdığı imkanlar, eləcə də ətraf mühitin qorunmasında qadın liderliyi kimi məsələlər müzakirə edilib. Bu yanaşma göstərir ki, müasir təhlükəsizlik və davamlı inkişaf anlayışları artıq yalnız hərbi-siyasi məsələlərlə məhdudlaşmır. Rəqəmsal təhlükəsizlik, süni intellekt, informasiya məkanı, iqlim dəyişmələri, ərzaq və enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi bağlantılar da dövlətlərin dayanıqlılığı ilə birbaşa əlaqəlidir.
Azərbaycanın AQEM sədrliyinin mühüm yekun mərhələlərindən biri Bakıda keçiriləcək AQEM Zirvəsidir. Zirvənin gündəliyində təşkilatın institusional inkişafı, beynəlxalq təşkilata transformasiyası və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi kimi məsələlərin dayanması AQEM-in gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakının belə bir mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın çoxtərəfli diplomatiyada artan rolunun daha bir göstəricisidir. Azərbaycan son illərdə müxtəlif beynəlxalq platformalarda dialoq və əməkdaşlığın təşviqinə, regional bağlantıların inkişafına və qlobal çağırışlara kollektiv cavabların formalaşdırılmasına xüsusi diqqət yetirir.
Əslində, Azərbaycanın AQEM sədrliyi ölkəmizin çoxtərəfli diplomatiyadakı əsas yanaşmasını da nümayiş etdirir: dialoqdan uzaqlaşmadan milli maraqları qorumaq, etimad yaratmaqla əməkdaşlıq imkanlarını genişləndirmək və regionlar arasında bağlantıları gücləndirmək. Bu baxımdan AQEM Azərbaycan üçün yalnız beynəlxalq təşkilatlardan və ya çoxtərəfli platformalardan biri deyil. O, Asiya ilə daha sıx siyasi, iqtisadi, humanitar və nəqliyyat əlaqələrinin qurulması üçün mühüm imkanlar məkanıdır. Bakıda keçirilən Zirvə isə daha güclü, daha institusional və daha nəticəyönümlü AQEM-in formalaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı ola bilər.
