YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan müstəqil xarici siyasət həyata keçirir

Zamir Güvəndiyev

YAP Şəmkir rayon təşkilatının sədri

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Azərbaycan iki il AQEM-ə sədrlik etdi. Ölkəmiz sədrliyi “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında həyata keçirərək təşkilatın institusional potensialının artırılmasını, mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsini və beynəlxalq əlaqələrinin genişləndirilməsini əsas prioritetlər kimi müəyyənləşdirib. Azərbaycanın sədrliyinin mühüm strateji istiqamətlərindən biri AQEM-in beynəlxalq nüfuzunun və xarici tərəfdaşlarla əlaqələrinin gücləndirilməsi olub. Müasir beynəlxalq sistemdə regional təşkilatların təsir imkanları onların üzvlərinin sayından əlavə, digər beynəlxalq qurumlarla əməkdaşlıq səviyyəsi, qlobal gündəliyə töhfəsi və qəbul edilən qərarların praktiki əhəmiyyəti ilə müəyyənləşir. Azərbaycanın sədrliyi dövründə təşkilatın beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsinə, mövcud əlaqələrin möhkəmləndirilməsinə və AQEM haqqında məlumatlılığın artırılmasına diqqət yetirilib. Qadınların səlahiyyətləndirilməsi, dayanıqlı inkişaf, könüllülük, rəqəmsallaşma və nəqliyyat kimi sahələrdə keçirilən tədbirlər AQEM-in fəaliyyətinin daha geniş beynəlxalq gündəliklə əlaqələndirilməsinə imkan yaradıb. Bu yanaşma Azərbaycanın xarici siyasətində çoxtərəfli əməkdaşlığa verilən əhəmiyyətlə də uzlaşır. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda iştirak etməklə yanaşı, dialoqun təşviqi, ortaq maraqların müəyyənləşdirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir. AQEM sədrliyi isə bu siyasətin Asiya məkanında həyata keçirilməsi üçün əlavə imkan yaradıb.

Dövlətimizin başçısı İlham Əliyev Zirvə Görüşündə bildirdi ki, ilk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik. Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir.

Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələrdən bəhs edən cənab İlham Əliyev tarixi Zəfərimizdən sonra Ermənistana  sülh təklifini xüsusi qeyd etdi. Bildirdi ki, biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən  çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı. Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar.

Zirvə Görüşündəki çıxışlarda bir daha bu reallıqlar diqqətə çatdırıldı ki, Prezident Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi çırağı kimi üzə çıxıb. Bu təlatümlü və proqnozlaşdırılması çətin olan dünyada dialoq, etimad və hərtərəfli əməkdaşlıq üçün bənzərsiz platforma kimi AQEM-in potensialının möhkəmləndirilməsinə hədəflənmiş Azərbaycanın təşkilata dinamik sədrliyini təqdir edirik. 2022-ci ildə Astanada keçirilmiş 6-cı Zirvə Görüşündə AQEM-ə üzv dövlətlər Müşavirənin tamhüquqlu beynəlxalq təsisata çevrilməsi barədə razılığa gəldilər. Azərbaycanın sədrliyi bu missiyanı böyük ləyaqətlə yerinə yetirir.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürünü bildirdi.