Xəbərlər
AQEM-in Bakı Sammiti: Azərbaycanın beynəlxalq sülh təşəbbüsləri
Sevinc Fətəliyeva
Milli Məclisin deputatı
Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti Bakı Bəyannaməsinin qəbulu və Azərbaycanın təşkilata sədrliyinin 2026–2028-ci illər üçün uzadılması barədə qərarla başa çatdı. Təkcə bu nəticələr ölkəmizin bu gün Asiya diplomatiyasında tutduğu mövqeyi aydın şəkildə xarakterizə edir. Lakin sammitin mahiyyətini anlamaq üçün əsas açarı, fikrimcə, onun işini açıq elan edən Prezident İlham Əliyevin çıxışında axtarmaq lazımdır.
Dövlətimizin başçısının çıxışı Qərb auditoriyasına deyil, Yer kürəsi əhalisinin böyük hissəsini və dünya iqtisadiyyatının mühüm payını təmsil edən Asiya ölkələrinin liderlərinə ünvanlanmışdı. Məhz bu auditoriya qarşısında Azərbaycan müasir münaqişələrin mahiyyətinə baxışdan başlayaraq nəhəng qitənin təhlükəsizliyinin hansı əsaslar üzərində qurulmalı olduğuna qədər bütöv bir konsepsiya təqdim etdi. Məsələnin bu şəkildə qoyuluşu göstərir ki, Bakı artıq yalnız başqalarının apardığı müzakirələrdə öz maraqlarını müdafiə etməklə kifayətlənmir, eyni zamanda, həmin müzakirələrin çərçivəsini də özü müəyyənləşdirir.
Bu konsepsiya ardıcıl məntiq üzərində qurulub. Bərpa edilmiş suverenlik sülh üçün şərait yaradır, sülh əməkdaşlığa yol açır, əməkdaşlıq isə inkişafın təməlinə çevrilir. Azərbaycan bu zəncirin hər bir mərhələsini öz təcrübəsində keçib və məhz bu amil ölkəmizin mövqeyinə xüsusi inandırıcılıq qazandırır. Xüsusilə nəzərə alsaq ki, regionda sülhün yaşı bir ildən bir qədər artıqdır, beynəlxalq miqyasda isə gərginlik artmaqda davam edir.
Asiya forumunda Qarabağ mövzusuna müraciət ilk baxışda gözlənilməz görünə bilər, çünki münaqişə artıq başa çatıb. Lakin Prezident keçmişdən sadəcə tarixi fakt kimi danışmırdı. Otuz illik işğal tarixi beynəlxalq təhlükəsizlik sistemindəki struktur qüsurunun sübutu kimi təqdim edildi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən beşdəbir hissəsi Ermənistanın nəzarəti altında qalmış, bir milyona yaxın azərbaycanlı doğma yurdlarından didərgin düşmüşdü. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə icra olunmadı. Bir il əvvəl yaradılmış ATƏT-in Minsk qrupu isə Prezidentin qiymətləndirməsinə görə, münaqişənin həllinin yalnız görüntüsünü yaratmaqla məşğul idi.
Buradan dövlətimizin başçısının səsləndirdiyi əsas nəticə ortaya çıxır: BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən mexanizmlər olmadıqca müharibələr davam edəcək, yeni münaqişələr yaranacaq. Bu tezis regionumuzun hüdudlarından çox-çox kənarda diqqətə layiqdir. Beynəlxalq normalar real icra mexanizmləri ilə təmin edilmədikdə, dövlətlər istər-istəməz yalnız öz güclərinə arxalanmaq qənaətinə gəlirlər. Nəticədə isə dünya sistemi daha az proqnozlaşdırılan olur. Bu baxımdan, Azərbaycanın təcrübəsi BMT-də islahatlarla bağlı müzakirələrə mühüm töhfə verir. Məsələ yalnız Təhlükəsizlik Şurasının tərkibindən ibarət deyil. Qəbul olunan qərarların sonrakı taleyi də az əhəmiyyət daşımır. Sərhəd və suverenlik məsələləri ilə üzləşən bir çox Asiya dövləti üçün bu məntiq əlavə izaha ehtiyac olmadan anlaşılandır.
Cənab Prezidentin çıxışında hərbi cinayətlərə görə məsuliyyət məsələsi də xüsusi yer tutdu. Dövlətimizin başçısı Ermənistanın keçmiş rəhbərlərinin hələ də layiqli cəzalarını almadıqlarına, separatçıların rəhbərlərinin isə Azərbaycan ədaləti qarşısında cavab verdiklərinə diqqət çəkərək Nürnberq prosesi ilə paralel apardı. Bu müqayisənin dərin məzmunu var. Nürnberq prosesi fərdi məsuliyyət prinsipini təsbit etdi: cinayətlərə görə xalqlar deyil, konkret şəxslər cavab verməlidirlər. Məhz belə yanaşma sülh fəlsəfəsinə uyğundur. Çünki o, ədaləti kollektiv qisas vasitəsinə çevirmir, eyni zamanda, törədilmiş cinayətlərin unudulmasına da imkan vermir. Prezidentin qeyd etdiyi kimi, cəzasızlıq təcavüzkarı yalnız yeni cinayətlərə təşviq edirdi. Beynəlxalq mexanizmlərin fəaliyyət göstərmədiyi şəraitdə Azərbaycan milli hüquq sistemi vasitəsilə məsuliyyət prinsipinin təmin edilməsinə nail olaraq göstərdi ki, ədalət sülhə maneə deyil, əksinə, onun zəruri şərtidir.
Avropa Parlamenti və Avropa Şurasının ünvanına Asiya platformasında səsləndirilən sərt tənqid Azərbaycanın xarici siyasət coğrafiyasında baş verən dəyişiklikləri də əks etdirir. Bakı Asiya, Yaxın Şərq, Türk dünyası və Qlobal Cənub dövlətləri ilə çoxşaxəli münasibətlər qurur və hər hansı bir mərkəzin legitimliyi müəyyənləşdirmək hüququ üzərində monopoliya yaratmasını qəbul etmir. Bununla yanaşı, söhbət Qərbə qarşı dayanmaqdan deyil, bəzi dövlətlərin özlərinə başqalarını qiymətləndirmək və cəzalandırmaq hüququ verdikləri iyerarxik münasibətlərin qəbul edilməməsindən gedir. Ərazi bütövlüyü prinsipi bir halda mütləq, digər halda isə müzakirə predmeti ola bilməz. Bu mövqe sammit iştirakçılarının bir çoxu üçün yaxındır, çünki normaların seçmə şəkildə tətbiqi problemi bu gün müxtəlif münaqişələrdə özünü göstərir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə də bu mövqeyi ardıcıl şəkildə müdafiə edib.
Prezident İlham Əliyevin çıxışında keçmişin qiymətləndirilməsindən sülh mövzusuna keçid xüsusi əhəmiyyət daşıyırdı. Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsini, 2023-cü ilin sentyabrında isə Azərbaycanın suverenliyinin tam bərpa olunması ilə nəticələnən antiterror tədbirlərini xatırladaraq vurğuladı ki, Qələbədən sonra Ermənistana sülh təklif edən məhz Azərbaycan olub. Revanş yolunu deyil, sülh gündəliyini seçmək dövlətin mahiyyəti və məsuliyyəti haqqında çox şey deyir. Bu sülhün hansı əsaslar üzərində qurulması da son dərəcə vacibdir. Sülh kənar vasitəçilər tərəfindən diktə olunmur və milli maraqlar hesabına əldə edilən kompromis deyil. Onun təşəbbüskarı ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş tərəfdir. Azərbaycan üçün sülh işğaldan azad edilmiş ərazilərin bərpası, insanların doğma torpaqlarına qayıtması, kommunikasiyaların açılması və bununla da bütün region üçün yeni iqtisadi imkanların yaranması deməkdir.
Cənab Prezidentin sülhün hələ də kövrək olduğunu və qorunmağa ehtiyac duyduğunu bildirməsi mövcud vəziyyətə realist yanaşmanı əks etdirir, eyni zamanda, Cənubi Qafqazda sabitliyi yenidən pozmağa cəhd göstərə biləcək qüvvələrə aydın mesajdır. Asiya ilə Avropanı birləşdirən mühüm marşrutların regiondan keçdiyini nəzərə alsaq, Cənubi Qafqazda sabitlik Çinin, Mərkəzi Asiya ölkələrinin, Türkiyənin və Avropanın maraqlarına cavab verir və Avrasiya təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir.
Sammit iştirakçılarının reaksiyası da diqqətəlayiq idi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın sədrliyi sayəsində AQEM-in daha məzmunlu və səmərəli fəaliyyət göstərdiyini bildirdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın sədr kimi dinamik fəaliyyətini yüksək qiymətləndirdi. Çinin xarici işlər naziri Van İ Azərbaycanın sədrliyinin uzadılmasını dəstəklədi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov əldə olunmuş nəzərəçarpacaq nəticələri qeyd etdi, İsrail Prezidenti İsxak Hersoq isə Azərbaycan cəmiyyətinin tolerantlığına diqqət çəkdi.
Bir sıra beynəlxalq məsələlərdə mövqeləri bir-birindən ciddi şəkildə fərqlənən dövlətlərin Azərbaycana münasibətdə oxşar qiymətləndirmələr səsləndirməsi təsadüfi deyil. Bu, xarici siyasətimizin əsasını təşkil edən prinsipin — bütün tərəfdaşlarla qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək və bir tərəfin digərinə qarşı mübarizəsində alətə çevrilməmək siyasətinin nəticəsidir. Belə bir model uzun illər ərzində ardıcıl şəkildə formalaşdırılıb. Geniş tərəfdaşlıq şəbəkəsi ölkənin xarici təzyiqlər qarşısında həssaslığını azaldır və Bakıya bir-biri ilə ortaq dil tapmaqda çətinlik çəkən tərəflər arasında dialoq platforması rolunu oynamaq imkanı verir. Azərbaycanın AQEM-ə sədrliyinin uzadılması məhz bu rolun nə qədər tələb olunan olduğunun etirafıdır.
AQEM-in öz mahiyyətini də xatırlatmaq vacibdir. Müşavirənin yaradılması ideyası 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. 1999-cu ildən bu günədək üzv dövlətlərin sayı 15-dən təxminən 30-a çataraq Yaxın Şərqdən Cənub-Şərqi Asiyaya qədər geniş coğrafiyanı əhatə edib. Böyük beynəlxalq institutlara etimadın azaldığı, qarşıdurma blokları məntiqinin yenidən gücləndiyi bir dövrdə AQEM heç kimə qarşı yönəlməyən və etimad tədbirlərinin formalaşdırılmasına əsaslanan platforma kimi xüsusi əhəmiyyətini qoruyur.
2022-ci ildən etibarən AQEM-in tamhüquqlu beynəlxalq təşkilata transformasiyası prosesi gedir. 2024-cü ilin dekabrında Qazaxıstandan sədrliyi qəbul edən Azərbaycan bu prosesin həlledici mərhələsində təşkilata rəhbərlik edir və bununla da onun gələcək simasının formalaşmasında iştirak edir. Ölkəmiz üçün bu, Asiyanın ən böyük çoxtərəfli formatlarından birinin gündəliyinə təsir göstərmək, Asiya istiqamətində mövqelərini möhkəmləndirmək və Qoşulmama Hərəkatına sədrliyi, eləcə də COP29-a ev sahibliyini əhatə edən çoxtərəfli diplomatiya xəttini inkişaf etdirmək imkanıdır.
Sədrliyin nəqliyyat bağlantıları, rəqəmsallaşma, ətraf mühitin qorunması, turizm, təhsil və elm kimi praktiki prioritetləri təhlükəsizliyin müasir və daha geniş anlayışını əks etdirir. Bu gün təhlükəsizlik yalnız hərbi-siyasi müstəvi ilə məhdudlaşmır. O, nəqliyyat, enerji və rəqəmsal sistemlərin dayanıqlılığını, eləcə də ekoloji sabitliyi də özündə birləşdirir. Sammitin keçirildiyi gün Azərbaycan və Qazaxıstan prezidentlərinin Transxəzər fiber-optik kabel xəttini istifadəyə vermələri də rəmzi məna daşıyırdı. Bu layihə Çin və Mərkəzi Asiyanı Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən əsas marşrutlardan biri olan Orta Dəhlizin inkişaf məntiqinə tam uyğun gəlir. Bakı AQEM çərçivəsində bağlantılar mövzusunu təşviq etməklə, Azərbaycanın bu marşrutların əsas qovşaqlarından biri kimi real roluna söykənir.
Bakı Bəyannaməsi də məhz bu yanaşmanı təsbit etdi. Üzv dövlətlər sənəddə Azərbaycanın sədrliyini yüksək qiymətləndirdilər. Bəyannamədə beynəlxalq nizam, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə risklərə qarşı mübarizə, tolerantlıq və sivilizasiyalararası dialoq, elm, təhsil və innovasiyaların rolu, süni intellektin yaratdığı imkan və risklər, nəqliyyat, enerji və rəqəmsal bağlantılar, eləcə də enerji təhlükəsizliyi kimi məsələlər əksini tapdı.
Beləliklə, Azərbaycanın müəyyən etdiyi prioritetlər bütövlükdə təşkilatın yekun sənədində öz əksini tapdı. Laosun məhz Bakı Sammitində AQEM-ə üzv olması isə təşkilatın coğrafiyasının və təsir imkanlarının genişləndiyini göstərir. Bütün bunlar dünya iqtisadiyyatının ağırlıq mərkəzinin getdikcə Asiyaya doğru dəyişdiyi bir dövrdə baş verir. Bu qitədə nəhəng bazarlar, təbii resurslar, texnologiyalar və əsas nəqliyyat axınları cəmləşir, aparıcı güclərin maraqları burada kəsişir. Asiyada bərabərhüquqlu dialoq platformalarının mövcudluğu qitənin gələcəkdə hansı istiqamətdə — qarşıdurma, yoxsa əməkdaşlıq istiqamətində inkişaf edəcəyini əhəmiyyətli dərəcədə müəyyənləşdirəcək.
Azərbaycanın ikinci ssenariyə üstünlük verməsi praqmatik maraqlardan irəli gəlir. Milli iqtisadiyyatımızın və nəqliyyat layihələrimizin inkişafı birbaşa Avrasiyada sabitlikdən asılıdır. Azərbaycanın uzun illər davam etmiş münaqişənin həlli təcrübəsi, həyata keçirdiyi enerji və infrastruktur layihələri, eləcə də irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı təcrübə bu mövqeyi daha da möhkəmləndirir.
Yekun olaraq demək olar ki, Bakı Sammiti Azərbaycan xarici siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Uzun illər beynəlxalq qətnamələrin icrasına nail olmağa çalışan, lakin nəticə əldə edə bilməyən Azərbaycan sonda ədaləti öz gücü ilə bərpa etdi və bu gün tərəfdaşlarına etimad, bağlantılar və iqtisadi qarşılıqlı asılılıq üzərində qurulan öz təhlükəsizlik baxışını təqdim edir. Belə yanaşmanın alternativi isə aydındır: beynəlxalq hüququn normaları və qəbul edilmiş qərarlar icra olunmayacaqsa, mübahisələrin güc yolu ilə həlli riski artacaq.
Cəmi bir neçə il əvvəl Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparırdı. Bu gün isə Bakı Asiya dövlətlərinin liderlərini qəbul edir və onlarla birlikdə Avrasiyanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak edir. Məhz bu dəyişiklik Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemindəki rolunu istənilən diplomatik formuldan daha dəqiq ifadə edir.
