YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı: azadlıqdan dirçəlişə, qayıdışdan dayanıqlı inkişafa doğru

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Azərbaycan xalqının yaddaşına 25 oktyabr tarixi ərazi bütövlüyümüzün bərpasına aparan Zəfər yolunun mühüm mərhələlərindən biri kimi yazılıb. Məhz, 2020-ci ilin 25 oktyabrında Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsi hərbi-strateji əhəmiyyəti ilə yanaşı, xalqımızın tarixi torpaqlarına qayıdış əzmini, dövlətimizin gücünü və milli birliyimizi nümayiş etdirdi. Bu hadisə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin yaxınlaşmasını təmin edən mühüm hadisələrdən biri oldu. Qubadlının işğaldan azad edilməsi döyüş meydanında əldə edilmiş tarixi nəticəni əks etdirməklə yanaşı işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən qurulmasına və bölgənin iqtisadi potensialının bərpasına yol açdı, azadlıqdan dirçəlişə, qayıdışdan dayanıqlı inkişafa aparan tarixi yolun rəmzinə çevrildi.

Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi təsis edildi. Bu qərar şəhərin işğaldan azad olunduğu günün tarixi yaddaşda yaşadılması, gələcək nəsillərə çatdırılması və milli təqvimimizdə layiqli yer tutması baxımından mühüm əhəmiyyət daşıyır. Bu günün qeyd olunması şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, Vətən müharibəsinin iştirakçılarına hörmət ifadəsidir.

Prezident İlham Əliyevin “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” fikri Qubadlı şəhərinin azad olunmasının əhəmiyyətini ifadə etməklə bu tarixi hadisənin mahiyyətini aydın göstərir.

Tarixdən bəllidir ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək, bütün yaşayış məntəqələri dağıdılıb, iqtisadi infrastrukturu sıradan çıxarılıb, minlərlə insan doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Rayonun 94 yaşayış məntəqəsi, 7 min 278 yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt və 161 mədəniyyət müəssisəsi dağıntılara məruz qalıb.

Azərbaycan dövləti 30 illik işğal dövründə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə çalışsa da heç bir beynəlxalq qurum bizim haqq işimizi dəstəkləmədi. Bununla yanaşı, ölkəmiz öz müdafiə qabiliyyətini gücləndirdi, iqtisadi və hərbi potensialını artırdı. Nəticədə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının uzun illər davam edən ədalət gözləntisinə son qoyan tarixi mərhələ oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatlar həyata keçirdi. Cəbhədə əldə olunan hərbi üstünlük nəticəsində düşmənin müdafiə mövqeləri yarıldı, strateji yüksəkliklər və yaşayış məntəqələri nəzarətə götürüldü. Qubadlı istiqamətində aparılan əməliyyatlar da müharibənin gedişində mühüm əhəmiyyət daşıyırdı. Xanlıq, Padar və Sarıyataq istiqamətlərində həyata keçirilən hərbi əməliyyatlar, strateji yüksəkliklərin ələ keçirilməsi şəhərin azad olunması üçün əlverişli şərait yaratdı. Azərbaycan Ordusunun qətiyyətli və peşəkar fəaliyyəti nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi,

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri Azərbaycanın qarşısında duran mühüm vəzifələrdəndir. Qubadlıda həyata keçirilən tədbirlər də bu genişmiqyaslı prosesin tərkib hissəsidir. Dövlət başçısının rayona mütəmadi səfərləri, infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı, yaşayış məntəqələrinin bərpası ilə bağlı tapşırıqları görülən işlərin ardıcıl və planlı xarakter daşıdığını göstərir.

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlıya səfər zamanı Xanlıq-Qubadlı avtomobil yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etməsi rayonun nəqliyyat, enerji və sərhəd təhlükəsizliyi infrastrukturunun bərpası baxımından mühüm mərhələ oldu. 2022-ci il oktyabrın 19-da dövlət başçısı rayonda yaradılması nəzərdə tutulan “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. 2023-cü il mayın 4-də isə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı yaşayış məntəqələrində layihələrin təməli qoyulub.   

Bu layihələr göstərir ki, Qubadlının bərpası yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Təhsil, səhiyyə, dövlət idarəçiliyi, enerji, su təchizatı və nəqliyyat sahələrində zəruri şəraitin yaradılması insanların uzunmüddətli məskunlaşması üçün əsas şərtlərdəndir. Böyük Qayıdışın uğuru da məhz bu sahələrin bir-birini tamamlamasından, əhalinin təhlükəsiz və rahat yaşayışının təmin olunmasından asılıdır. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın 2025-ci il sentyabrın 9-da təsdiq edilməsi bu istiqamətdə mühüm addımdır. Qubadlı-Laçın avtomobil yolunun tikintisi ilə bağlı 2023-cü il sentyabrın 5-də müvafiq qərar qəbul edilib və layihə üçün 20 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə görülən işlər rayonun ətraf ərazilərlə nəqliyyat əlaqələrinin gücləndirilməsinə və bölgədə vahid infrastruktur sisteminin formalaşmasına xidmət edir.

Böyük Qayıdışın əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməkdir. Bunun üçün yaşayış evləri ilə yanaşı, gündəlik həyatın təşkili üçün zəruri olan sosial və kommunal infrastrukturun qurulması vacibdir. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə 2026-cı il iyunun 16-da başlanılıb və 21 ədəd çoxmənzilli yaşayış binasının inşası nəzərdə tutulur. Rayonun kəndlərinin bərpası da paralel şəkildə həyata keçirilir. Mahruzlu kəndində ilkin mərhələdə 190 fərdi evin tikilməsi, 836 nəfərin məskunlaşdırılması, Zilanlı kəndində isə 159 evin tikintisi , 772 nəfərin yaşayışının təmin edilməsi nəzərdə tutulur və gələcəkdə kənddə 630 ailənin, ümumilikdə 2520 nəfərin məskunlaşdırılması planlaşdırılır.

Qubadlı özünün tarixi yaddaşı, təbii sərvətləri, əmək ənənələri və insanlarının doğma torpağa bağlılığı ilə Azərbaycanın ayrılmaz hissəsidir. Onun işğaldan azad olunması xalqımızın mübarizə əzminin və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək qətiyyətinin təcəssümü oldu. Bu gün aparılan quruculuq işləri isə həmin tarixi qələbənin sülh şəraitində davam edən mühüm mərhələsidir.

Əminliklə demək olar ki, Qubadlıda Zəfərlə qazanılmış azadlıq bu gün quruculuqla möhkəmlənir, doğma torpaqlarda həyat yenidən canlanır və Qubadlı Azərbaycanın suverenliyinin, milli iradəsinin və gələcəyə inamının ünvanlarından biri kimi öz yeni inkişaf mərhələsinə qədəm qoyur.