Xəbərlər
Təhsil millətin gələcəyidir

Zəngilan rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Zəngilan rayon təşkilatı sentyabrın 12-də rayonun Ağalı kəndində “Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu” mövzusunda tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan təhsilinə, elm və təhsil adamlarına xüsusi diqqət və qayğısından, dünyəvi təhsilə inteqrasiyaya hesablanmış köklü islahatlardan danışıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Müstəqilliyin bərpasından sonra elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edib. Ümummilli Liderin həyata keçirdiyi hər bir islahatın əsasında məhz milli təəssübkeşlik, milli-mənəvi dəyərlərə ehtiram dayanıb.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə edilib. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərib. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsində misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda yeni elm və təhsil müəssisələri yaradılıb, bu sahələrdə çox mühüm nailiyyətlər əldə olunub. Azərbaycanlı gənclərin respublikamızda və digər ölkələrdə təhsil alması üçün geniş imkanlar açılıb. Dahi rəhbərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
“Ekoloji Təmiz Məhsul İstehsalçıları və ixracatçıları” İctimai Birliyinin sədri və “Böyük Qayıdış” MMC-nin təsisçisi və direktoru Emin Əliyev, Zəngilan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İman Məmmədov və Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova Ümummilli Lider Heydər Əliyev siyasi irsinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib, Azərbaycan təhsilinin inkişafında Ulu Öndərin tarixi xidmətlərinə nəzər salıblar.
Daha sonra 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələr onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sonda qəbul imtahanında yüksək bal toplayan gənclərə hədiyyələr təqdim olunub.