YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dili hər bir azərbaycanlının qürur mənbəyidir

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması istiqamətindəki tarixi fəaliyyəti danılmazdır. Dahi lider bütün ömrü boyu milli irsimizi, dilimizi, tariximizi, ədəbiyyatımızı yad təsirlərdən qorumuş, gələcək nəsillərə olduğu kimi ötürülməsi üçün əlindən gələni əsirgəməmişdir.

Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. Xüsusilə, yeni və təkmilləşdirilmiş, fərqli formatlarda lüğətlərin hazırlanması, dünyanın tanınmış yazıçılarının əsərlərinin, önəmli nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsi, televiziya və radiolarda verilişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması müvafiq istiqamətdə həyata keçirilən önəmli tədbirlərdir. Bu səbəbdən, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Ulu Öndər Azərbaycan dilinin nüfuzunun artırılması üçün islahatlara, ilk növbədə, Sovet Azərbaycanının rəsmi həyatında, mötəbər tədbirlərdə ana dilində danışmaq ənənəsinin əsasını qoymaqla başladı. Bu, həmin dövr üçün son dərəcə cəsarətli bir addım idi. Heydər Əliyevin Azərbaycan dilinin statusunun möhkəmləndirilməsi və təsdiqlənməsi istiqamətində gördüyü ən mühüm işlərdən biri isə şübhəsiz ki, 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında ana dilimizin rəsmi status alması oldu. Bu, Ümummilli Liderin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Çünki Heydər Əliyev bu addımı ilə gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə başçısıdır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu.

Dövlətin həyata keçirdiyi sənədlər dilçilik mədəniyyətimizi zənginləşdirir. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan dili xalqımızın ən böyük mənəvi sərvəti, dünyada yaşayan 50 milyon azərbaycanlının həmrəyliyinin başlıca vasitəsidir.