Xəbərlər
Etibarlı tərəfdaşlıq və dostluq modeli

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Bu günlərdə ölkəmizdə önəmli hadisələrdən biri də Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri oldu. Artıq yarım əsrdən çox müddət ərzində davam edən dostluq münasibətləri hazırda yeni inkişaf mərhələsindədir. İki ölkə arasında olan əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyev və Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin müstəsna xidmətləri olub. Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Həmin dövrdə regionda gedən geosiyasi proseslər səbəbindən ciddi təhdidlə üzləşən ölkəyə Ulu Öndərin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi.
Qarşılıqlı əlaqələrin nəticəsi olaraq hələ Sovet dövründə 5 min vyetnamlı gənc ölkəmizdə ali təhsil alıb. Onlar Vyetnamın hərtərəfli inkişafına böyük töhfələr verərək bu gün də vətənlərində yüksək vəzifələrdə çalışırlar. 2014-cü ildə Prezident İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündə qeyd etmişdir ki, Azərbaycan-Vyetnam əlaqələrinin təməlini Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Ümumiyyətlə, ikitərəfli əməkdaşlıq iqtisadiyyat və enerji ilə yanaşı, humanitar və mədəni sahədə də inkişaf edib.
Mədəni əlaqələr müxtəlif dövrlərdə bir çox təşəbbüslər və layihələr çərçivəsində möhkəmlənib. Belə layihələrdən biri də 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinin həyata keçirilməsidir. Ötən ay Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə səfəri də əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, Fond görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərmişdir. Səfər çərçivəsində Leyla xanım Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Lı ilə görüşlər keçirmişdir.
Vyetnam və Azərbaycanı siyasi-iqtisadi əlaqələrlə yanaşı, oxşar milli ənənələr də birləşdirir. Qədim tarixə malik Vyetnam olduqca zəngin və unikal mədəniyyətə sahibdir. Vyetnamlılar da azərbaycanlılar kimi sülhsevər, milli adət-ənənələrinə sadiq xalqdır. Ölkə əhalisinin əksəriyyətini vyetnamlılar təşkil etsə də, burada 50-dən çox azsaylı millət yaşayır. Hər iki ölkəni ailə dəyərlərinə, milli adət-ənənələrə hörmət, onları qoruyub saxlamaq missiyası yaxınlaşdırır. Azərbaycanda olduğu kimi, Vyetnamda da milli azlıqların və etnik qrupların sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması dövlətin əsas prinsiplərindən biridir. Bəzi mədəniyyət işçiləri və mütəxəssislər isə hesab edirlər ki, Azərbaycan və Vyetnam musiqisi arasında oxşarlıqlar çoxdur.
2024-cü ilin 22-27 iyul tarixlərində isə Azərbaycanda Vyetnam lideri Ho Şi Minin ölkəmizə səfərinin 65 illik yubileyi ilə əlaqədar “Vyetnam günləri” keçirilib. Vyetnamlıların qədim köklər üzərində formalaşmış milli geyimlərində Azərbaycan milli geyimlərində olduğu kimi, xalq yaradıcılığının bədii xüsusiyyətləri öz əksini tapır. El sənəti, tikmə və naxış vurma kimi sənət nümunələri geniş inkişaf edib. Geyimlərin, qab-qacağın və digər məişət əşyalarının üzərinə vurulan və toxunan zərif naxışlar və tikiliş üslubunda bənzərliklər çoxdur.