Xəbərlər
İnkişaf edən münasibətlər

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə ölkəmizin xarici siyasətində Asiya istiqamətinin mühüm yer tutduğunu bir daha nümayiş etdirdi. Müsahibə təkcə diplomatik protokol deyil, həm də Azərbaycan ilə Vyetnam arasında çoxşaxəli əlaqələrin tarixi və perspektivlərini əhatə edən strateji baxışın ifadəsi idi.
Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər 1959-cu ildə Ho Şi Minin Azərbaycana səfəri ilə rəsmi təməlini qoydu. Daha sonra 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri bu münasibətlərin dərinləşməsində mühüm mərhələyə çevrildi. Bu tarixi fonda inkişaf edən münasibətlər, son onilliklərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. 2014-cü ildə Prezident Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Bakıya rəsmi səfəri iki ölkə arasında əməkdaşlığı daha da genişləndirdi.
Hazırda Azərbaycan–Vyetnam münasibətləri siyasi dialoqdan tutmuş iqtisadi-ticari əməkdaşlığa qədər geniş bir spektri əhatə edir. 2024-cü il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Prezident İlham Əliyev qeyd edir ki, bu göstərici ikitərəfli iqtisadi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu göstərir və gələcəkdə daha böyük rəqəmlərə nail olmaq mümkündür.
Energetika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2019-cu ildə SOCAR və Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanan müqavilə bunun bariz nümunəsidir. Tarixə nəzər salsaq, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” şirkətinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub – bu fakt əməkdaşlığın dərin köklərə malik olduğunu sübut edir.
Sovet dövründə 5000-ə yaxın vyetnamlı tələbənin Azərbaycanda təhsil alması bu gün də ikitərəfli münasibətlərə töhfə verir. Hazırda bu məzunların bir çoxu Vyetnam dövlət orqanlarında mühüm vəzifələr tutur. 2015-ci ildə yaradılan Vyetnam–Azərbaycan Dostluq Assosiasiyası bu əlaqələrin davamlılığını təmin edir.
Azərbaycan turizm və təhsil sahəsində də əlaqələrin gücləndirilməsində maraqlıdır. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa aviareysin açılması turizm axınını sürətləndirə, mədəniyyətlərarası dialoqa əlavə töhfə verə bilər. Vyetnamlı tələbələr üçün təqaüd proqramlarının genişləndirilməsi, elmi-tədqiqat mübadilələrinin təşkili də gələcək əməkdaşlığın strateji istiqamətləri sırasındadır.
Vyetnam Kommunist Partiyasının Baş katibi cənab Lamın Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni bir səhifə açacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu səfər həm siyasi, həm də ideoloji səviyyədə əməkdaşlığın yüksək səviyyəsini təsdiqləyəcək.
Nəticə etibarilə, Azərbaycan ilə Vyetnam arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulmuşdur. Bu əlaqələrin dərinləşdirilməsi təkcə ikitərəfli deyil, həm də regional və beynəlxalq sabitlik baxımından önəm daşıyır. Qarşılıqlı səfərlər, strateji layihələr və ortaq təşəbbüslər əsasında iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyi şübhəsizdir.