Xəbərlər
Pirallahıda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova, Ağsaqqallar Şurasının üzvü Elxan Zülfüqarov, 186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov 20-ci əsrin əvvəllərində Azərbaycan xalqının Şərqdə ilk demokratik respublikanın yaradılmasının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz iz qoyub.
Qeyd olunub ki, 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev tərəfindən qaldırılıb.