YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızı nicata aparan yol

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin  “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” fikirləri müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı durumun ümumiləşdirilmiş ifadəsidir.   Reallıq budur ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə səriştəsiz, idarəçilik təcrübəsi olmayan ünsürlərin rəhbərlik etməsi böyük faciələrə yol açdı.  Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi həddinə  çatmış  qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-ci ildən 1993-cü ilin iyununun birinci öngünlüyünə qədərki dövr   ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq illəri  kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Torpaqlarımızın  Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac olduğunu şərtləndirdi.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı çağırışı bütün xalqın istəyi  idi. Xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və zəngin idarəçilik təcrübəsi sayəsində   ölkəmizi bəlalardan xilas etdi. Həmin gündən  böyük qurtuluşa doğru mühüm addımlar atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin tarixdə Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Ulu Öndər Heydər Əliyevə verildi. 1997-ci ilin  iyun ayında isə Milli Məclis 15 İyun gününü bayram elan etdi.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

15 İyun tarixindən başlanan inkişaf, tərəqqi yolu Azərbaycanı qalibiyyətə qovuşdurdu. 44 günlük İkinci Qarabağ müharibəsində  qazanılan möhtəşəm Zəfər  Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ümummilli Liderin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Prezident İlham Əliyev böyük qürur hissi ilə bildirir:  “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”

Qurtuluşun Azərbaycana qazandırdığı uğurlar sırasında hazırda cənnət məkana çevrilən Qarabağımızın və Şərqi Zəngəzurumuzun mərhələ-mərhələ sakinlərinə qovuşmasını qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq   azad edilmiş torpaqlara  səfərlər edir, bayramlarımız, tarixi günlərimiz bu məkanlarda qeyd edilir, dövlətimizin başçısı bu torpaqlardan  dünyaya mesajlarını çatdırır. Son beş ildə azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan ölçüyəgəlməz bərpa-quruculuq işləri Azərbaycanın malik olduğu imkanların, ən əsası, bu uğurlara yol açan düşünülmüş və gələcəyə hesablanmış siyasətin təqdimatıdır.