Xəbərlər
Qaradağ rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Lökbatan Tibb Mərkəzinin (LTM) birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftomoloq alim, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən LTM-in direktoru Elçin Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Lökbatan xəstəxanasının baş həkimi Cəmilə Xanmuradova və digərləri bildiriblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinın ana xəttini Azərbaycan dövlətçiliyinə xidmət təşkil edir.
Şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində Böyük Zəfər çalaraq ərazi bütövlüyünü bərpa edib.
Tədbir bayram konserti ilə davam edib.