Xəbərlər
Şəmkirdə Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissənin əsgər və zabitlərinin iştirak etdiyi tədbirdən öncə Ümummili Lider Heydər Əliyevin N saylı hərbi hissənin qərargahı qarşısında ucaldılan abidəsi ziyarət olunub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Şəmkir RİH-in Rəşad Tağıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb: “Məhz elə buna görə də deyə bilərik ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib”.
RİH başçısı qeyd edib ki, Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılıb: “Bütün bu məqsədyönlü tədbirlər nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq Qələbə qazanıb. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad edib. 2023-cü ildə antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olublar. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın tarixi Zəfərinin şahidi olub”.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxşında Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatının daim ön planda saxlanıldığını vurğulayıb. O bildirib ki, ordumuzun döyüş qabiliyyətinin artırılması və hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: “Müasir hərbi infrastrukturların yaradılması, təlim və hazırlıq proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda əldə olunan uğurlar ölkəmizin müdafiə qabiliyyətinin güclənməsinə mühüm töhfə verir. Bu siyasət nəticəsində Azərbaycan Ordusu regionda ən güclü və peşəkar ordulardan birinə çevrilib”.
General-mayor Bilal Çompuzov çıxışında bildirib ki, 1993-cü ildə xilaskarlıq missiyası ilə hakimiyyətinə qayıdışından sonra Heydər Əliyev tərəfindən həyata keçirilmiş digər islahatlarla yanaşı, milli ordu quruculuğu da keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb: “Azərbaycan Ordusu müasir silah, sursat və hərbi texnikalarla təchiz edilib. Möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılıb”.
Çıxış edən digər natiqlər də Azərbaycan Silahlı qüvvələrinin bugünkü gücündən, qüdrətindən danışıb, ordumuzla qürur duyduqlarını bildiriblər.
Tədbirdə Şəmkir Mədəniyyət Sektorunun bədii kollektivi tərəfindən hərbçilər üçün musiqilər səsləndirilib.