YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər uğurla inkişaf edir

“Azərbaycanla Özbəkistan arasında münasibətlər uğurla inkişaf edir. Son illər hər iki ölkənin liderləri qarşılıqlı səfərlər edirlər ki, bu da dövlətlər arasında münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri xüsusi vurğulanmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, qarşılıqlı səfərlər Türk dövlətlərinin birliyi kontekstində də böyük önəm kəsb edir. Özbəkistan Prezidentinin budəfəki səfəri zamanı dövlət başçılarının görüşü, aparılan müzakirələr, iki ölkə arasında müxtəlif sənədlərin mübadilə edilməsi iki dost ölkə arasında münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır. Azərbaycan və Özbəkistan dövlət başçılarının şəxsi münasibətləri, mübadilə edilmiş sənədlər bu səfərin ikitərəfli əlaqələrin inkişafında tarixi önəm kəsb etdiyini təsdiqləyir. Gələcəyin əsas hədəfi isə Azərbaycan və Özbəkistan arasında əlaqələri daha da gücləndirməkdir. Xatırladaq ki, hələ ötən ilin avqustunda Prezident cənab İlham Əliyevin Daşkəndə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə dövlətlərimiz rəsmən müttəfiq oldular. Bu ölkələrimizin əməkdaşlığında tarixi hadisədir.

Millət vəkilinin sözlərinə görə, Özbəkistan Prezidentinin səfəri zamanı mübadilə edilmiş sənədlər, o cümlədən Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi Azərbaycan və Özbəkistan arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Bütövlükdə, qarşıya qoyulan hədəflər türk birliyinin daha da güclənəcəyini təsdiqləyir.

Özbəkistan Prezidentinin Azərbaycana hələ 2023-cü ilin avqustunda gerçəkləşən səfərini xatırladan deputat deyib ki, işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan tərəfindən orta məktəb binasının inşa edilməsi əsl qardaşlıq nümunəsidir. Çox əlamətdar hadisədir ki, həmin səfər zamanı Özbəkistan prezidenti və xanımı, Prezident cənab İlham Əliyev və birinci xanım hörmətli Mehriban Əliyeva məktəbin açılışını etdilər. Eləcə də, ali qonaqların Şuşaya səfəri də çox mühüm hadisə idi. Bundan əlavə, ötən il Özbəkistanın da sərmayəsi ilə Xankəndi şəhərində tekstil fabrikinin istifadəyə verilməsi növbəti qardaşlıq nümunəsi oldu.

Fatma Yıldırım qeyd edib ki, iyulun 2-də dövlət başçılarının iştirakı ilə Bakıda Özbəkistanın səfirliyinin yeni binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması ölkələrimiz arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin gücləndiyini deyən deputat bu baxımdan, parlamentlərarası əlaqələrin inkişafını da məmnunluqla vurğulayıb: “Bir neçə gün öncə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə Özbəkistanın Xivə şəhərində səfərdə olduq. İlk dəfə olaraq, “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusuna həsr olunmuş Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu keçirildi. Forumda kifayət qədər geniş mövzularda müzakirələr aparıldı. Hesab edirəm ki, bu tədbir ölkələrimiz arasında münasibətlərin inkişafının vacib bir göstəricisidir”.

“Beləliklə, iki türk dövlətinin dil, din, tarixi bağlılığı möhkəm təməllər üzərində qurulub və bu təməllər ildən ilə daha da güclənir”-deyə Fatma Yıldırım vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv