Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçiciləri ilə görüşüb

Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Fəqan Vahid oğlu Məmmədovun doğum günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri, kəndin icra nümayəndəsi, bələdiyyə sədri, kənd ağsaqqalları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən millət vəkili Asif Əsgərov şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edərək bildirib ki, gənc yaşında böyük igidlik göstərərək Vətən uğrunda canını fəda edən Fəqan Məmmədovun qəhrəmanlığı onun ailəsinə və bütövlükdə xalqımıza böyük qürur hissi yaşadıb: “Fəqan minlərlə Azərbaycan oğlunun timsalında Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda ölümə gözünü qırpmadan gedən igidlərdən biridir. Onun göstərdiyi rəşadət, qorxmazlıq və Vətən sevgisi gələcək nəsillər üçün əsl qəhrəmanlıq məktəbidir. Şəhidlərin əziz xatirəsini daim yaşatmaq, onların ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin həm vətəndaşlıq, həm də mənəvi borcudur”.
Tədbir çərçivəsində məktəblilər şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Şəhid anaları isə övladlarının Vətənə olan sevgisindən və şəhidlik zirvəsinin müqəddəsliyindən danışıblar.
Daha sonra millət vəkili Asif Əsgərov şəhid ailələri ilə birlikdə təşkil olunan ehsan süfrəsində iştirak edib, onlarla səmimi söhbətlər apararaq qayğıları ilə maraqlanıb.
Sonda şəhid anaları qeyd ediblər ki, bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğı dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.