YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan milli mətbuatının 150 illik inkişaf yolu

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

1875-ci il iyulun 22-də görkəmli maarifçi və ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu. Bu qəzet yalnız 56 nömrə ilə fəaliyyət göstərməsinə baxmayaraq, iki il ərzində Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisəyə çevrildi. “Əkinçi” maarifçi ideyaların təbliğində, ictimai şüurun formalaşmasında, milli özünüdərkin dərinləşməsində misilsiz rol oynadı.Zamanla “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “Füyuzat” kimi qəzet və jurnalların yaranması milli mətbuatın zənginləşməsinə səbəb oldu. Bu nəşrlər vasitəsilə xalq arasında maarifçilik ideyaları yayılır, milli kimliyin və istiqlal düşüncəsinin təməli möhkəmləndirilirdi. Beləliklə, mətbuat Azərbaycan cəmiyyətinin ictimai-siyasi və ədəbi həyatında fəal rol oynamağa başladı.

Müasir dövrdə milli mətbuatın inkişafı və formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. 1993-cü ildən etibarən söz və məlumat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə senzuranın ləğvi ilə mətbuatın inkişafı üçün hüquqi müstəvi yaradıldı, jurnalistlərin sosial və peşəkar fəaliyyətləri üçün münbit şərait formalaşdı.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə islahatlar davam etdirildi. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu. 2021-ci il 12 yanvarda imzalanan Fərmanla MEDİA Agentliyi yaradıldı və media sahəsində strukturlaşma, maliyyə dayanıqlığı, peşəkarlıq və informasiya təhlükəsizliyi kimi əsas istiqamətlərdə fəaliyyət daha sistemli şəkildə həyata keçirilməyə başlandı.30 dekabr 2021-ci ildə qəbul edilən “Media haqqında” Qanunla informasiya mühitinin tənzimlənməsi, jurnalistlərin hüquqi statusu və peşə nüfuzunun qorunması kimi prinsiplər hüquqi əsas qazandı. Qanun eyni zamanda informasiya sahəsində sağlam rəqabət və şəffaflığın təmin olunmasını hədəfləyir. Bu, informasiya məkanının milli təhlükəsizlik kontekstində qorunmasına xidmət edir.

Media sahəsində çalışan şəxslərin sosial rifahı da dövlət tərəfindən diqqət mərkəzində saxlanılıb. 2022-ci ildə edilən dəyişikliklərlə Media Reyestrində qeydiyyatda olan və müəyyən peşə təcrübəsinə malik jurnalistlərə güzəştli ipoteka kreditləri almaq imkanı yaradıldı. Eyni zamanda, media nümayəndələrinin dövlət tərəfindən fəxri adlarla təltif olunması mətbuat işçilərinə verilən dəyərin bariz nümunəsidir.Azərbaycan mediası təkcə dinc dövrdə deyil, həm də müharibə şəraitində öz vəzifəsini uğurla yerinə yetirib. 2020-ci il Vətən müharibəsində milli mətbuat xalqın informasiya ehtiyacını təmin etmiş, informasiya cəbhəsində düşmən təbliğatına qarşı uğurlu mübarizə aparmışdır. Prezident İlham Əliyevin bu dövrdə beynəlxalq media qurumlarına verdiyi 30-dan artıq müsahibə Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında əvəzsiz rol oynamışdır.

Bu gün isə Azərbaycan mediası “Yeni Media” dövrünə qədəm qoyur. Şuşada 2023-cü ildə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” və 2024-cü ildə baş tutan “Dezinformasiyaya qarşı mübarizə” mövzusundakı Qlobal Media Forumları bu istiqamətdə atılan önəmli addımlardandır. 2025-ci ildə milli mətbuatın 150 illik yubileyi münasibətilə yubiley medalının təsis olunması və geniş tədbirlərin keçirilməsi Azərbaycan dövlətinin media sahəsinə verdiyi yüksək dəyərin təzahürüdür.