Xəbərlər
Milli maraqlar, mənəvi dəyərlər

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycan xalqının mədəni irsinin əsas dayaqlarından biri olan ana dili hər zaman dövlətimizin və xalqımızın diqqət mərkəzində olub. Azərbaycan dili yalnız bir ünsiyyət vasitəsi deyil, həm də milli-mənəvi dəyərlərimizin, tariximizin və kimliyimizin qoruyucusudur. Hər il 1 avqust tarixində qeyd edilən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü də bu diqqətin təcəssümüdür. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilmişdir.
Ulu Öndər bu Fərmanı imzalayarkən 2001-ci ilin avqustunda ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam şəkildə başa çatdığını və bunun müstəqil Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulamışdı. Latın qrafikasına keçid yalnız texniki dəyişiklik deyildi, o, həm də milli şüurun, müstəqilliyin və müasir Azərbaycan dövlətçiliyinin simvoluna çevrildi.Azərbaycan dilinin qorunması uğrunda mübarizə Ulu Öndərin siyasi fəaliyyətində mühüm yer tutub. Hələ 1977-ci ildə SSRİ Konstitusiyasının layihəsində dövlət dili məsələsinin əks olunmamasına qarşı çıxan Heydər Əliyev, prinsipial mövqe nümayiş etdirərək bu məsələnin Azərbaycan SSR Konstitusiyasında yer almasına nail olmuşdu. 1978-ci il aprelin 2-də keçirilən Ali Sovetin sessiyasında onun təşəbbüsü ilə 73-cü maddəyə əsasən, Azərbaycan dili respublikanın dövlət dili kimi təsbit edildi. Bu tarixi addım dilimizin hüquqi müdafiəsinə böyük töhfə oldu.
Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar, dilimizin qorunması və inkişafı istiqamətində strateji sənədlər hesab olunur. Bu fərmanlar dövlət dilinə göstərilən yüksək diqqətin və qayğının bariz nümunələridir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu siyasi xətti uğurla davam etdirir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, 14 yanvar 2004-cü il tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 30 dekabr 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu istiqamətdə atılmış mühüm addımlardandır.
Azərbaycan dilinin müasir çağırışlara uyğun qorunması məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Proqramın əsas məqsədi dilin istifadəsinə dövlət qayğısını artırmaq, dilçilik araşdırmalarını gücləndirmək və Azərbaycan dilinin elmi, texniki və sosial sahələrdə tətbiqini genişləndirməkdir. Dilimizin elektron məkanda möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı və 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı bu sahədə həyata keçirilən siyasətin davamlılığını təmin edir.Həmin fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Bu qurum kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai mühitdə dövlət dilinin istifadəsini nəzarətdə saxlayır, maarifləndirici tədbirlər həyata keçirir və dil pozuntularının qarşısının alınmasına yönəlmiş fəaliyyət göstərir.
Azərbaycan dili nəinki xalqımızın tarixi yaddaşının daşıyıcısı, həm də müstəqil dövlətçiliyimizin əsas sütunlarından biridir. Onun qorunması və inkişaf etdirilməsi yalnız dövlətin deyil, hər bir vətəndaşın da borcudur. Ana dilinə göstərilən bu qayğı, əslində, millətimizin gələcəyinə göstərilən qayğının bariz ifadəsidir.