YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh, təhlükəsizlik və tərəfdaşlıq

“ABŞ-ın paytaxtı Vaşinqton şəhərində “Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın təməli atıldı” desək yanılmarıq. ABŞ Prezidenti Donald Trampın evsahibliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi və imzalanan sənədlər bunu deməyə əsas verir. Əldə edilən razılaşmalar bütövlükdə, regionumuzun rifahına xidmət edəcək”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq naminə ortaya qoyulan iradə nümunə təşkil edir. Nəzərə alaq ki, Vaşinqton görüşünə aparan yol dövlətimizin və xalqımızın maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsidir. Belə ki, dövlətimizin başçısının düşünülmüş strategiyası, “Dəmir yumruq” amili, beynəlxalq hüquq normalarına əsaslanan siyasət məntiqi yekununa çatmaqdadır. Azərbaycan Ermənistanın 30 illik işğal siyasətinə öz gücü ilə son qoydu, özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Müəyyən beynəlxalq güclər, Ermənistanın havadarları Cənubi Qafqaz üçün müəyyən təxribatçı planlar hazırlasalar da Prezident İlham Əliyevin polad iradəsi nəticəsində həmin planların hamısı iflasa uğradı. Ermənistan hakimiyyəti də öz havadarlarına güvənməyinin fəsadlarını görmüş oldu. Bütün bunlardan sonra bölgəmizdə dayanıqlı sülh üçün yeni imkanlar açılır.

Millət vəkilinin fikrincə, Vaşinqton görüşünün nəticələri bunu deməyə tam əsas verir. Belə ki, liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə xüsusi önəm kəsb edir. Sənəd Azərbaycanın maraqlarına tamamilə cavab verir. Birgə Bəyannamədə çox mühüm məqamlardan biri iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni özündə əks etdirir. Zəngəzur dəhlizinin açılması Naxçıvanın uzunillik blokadasına son qoyacaq. Digər tərəfdən, isə bu dəhlizin geosiyasi əhəmiyyəti də olduqca böyükdür. Bu layihənin reallaşması Azərbaycana iqtisadi gəlirlər gətirməklə yanaşı, siyasi dividentlər də qazandıracaq.

Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Əlbəttə, hər iki məsələ çox önəmlidir. Layihənin paraflanmasından sonrakı mərhələ sülh sazişinin imzalanmasından ibarətdir. Ermənistan konstitusiyasına dəyişikliklər edildikdən sonra sazişin imzalanması üçün heç bir problem qalmayacaq. Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində dediyi kimi, Ermənistan ev tapşırıqları da var. Dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər”.

Vaşinqton görüşünün nəticələri milli maraqlarımıza tam uyğundur. Azərbaycan cəmiyyətinin yekdil mövqeyi belədir ki, ABŞ-da dövlətimiz və Prezident İlham Əliyev növbəti Zəfərə imza atdı. Lakin görünən odur ki, dövlətimizin uğurlarının artması, beynəlxalq müstəvidə daha yüksək zirvələrə ucalması radikal müxalifəti, xüsusilə AXCP sədri Əli Kərimlini siyasi baxımdan daha da cılızlaşdırır. Əli Kərimlinin Vaşinqton görüşünə reaksiyası bunu deməyə əsas verir.

Müxalifət o demək deyil ki, hər şeyi qara rəngdə görməlidir. Müxalifət iqtidarın siyasətinin uğurlarını təqdir etməyi bacarmalıdır. Xüsusilə ümummilli məsələlərdə. Amma Əli Kərimlinin isə nəinki Azərbaycan xalqının, hətta bütün dünyanın alqışladığı Vaşinqton görüşünün nəticələrini kiçiltməyə çalışması ən azı gülüncdür. 44 günlük Vətən müharibəsindən başlayaraq, ötən müddət ərzində Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə davamlı zəfərlər qazanır. Növbəti Zəfər isə Vaşinqtonda reallaşdı. Lakin AXCP sədrinin bu zəfərlərə qısqanclıqla yanaşması təəssüf doğurur. Öz siyasi perspektivini ABŞ - da və digər Qərb ölkələrində axtaran Əli Kərimlini Donald Trampın Azərbaycan Prezidenti və xalqı haqqında yüksək fikirlər söyləməsi necə məyus etdiyini təsəvvür etmək elə də çətin deyil. Artıq Əli Kərimli anlamalıdır ki, hansısa siyasi qüvvə öz dəstəyini kənar xarici qüvvələrdən deyil, yalnız öz xalqından dəstək almaqla uğur qazana bilər.

Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatı zamanı isə mühüm mesajlar verərək deyib: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır”. Prezident bəyanatında ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxdığını da vurğulayaraq qeyd edib: “ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir. Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, eyni zamanda, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq”. İki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da böyük əhəmiyyət kəsb edir. Sənədə əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Həmçinin, dövlət başçılarınıngörüşü çərçivəsində D.Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması da böyük əhəmiyyət kəsb edir. Azərbaycana qarşı ədalətsiz bir sənədin tətbiqinin dayandırılması da ölkələrimiz arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.

“Beləliklə, Vaşinqton görüşünün nəticələri kifayət qədər uğurlu oldu. Prezident İlham Əliyev yerli media nümayəndələrinə müsahibəsində keçirilən görüşləri və imzalanan sənədləri geniş şərh edib. Eləcə də, müsahibədə Azərbaycan-ABŞ münasibətləri, 907-ci düzəlişin ləğvi, Minsk qrupunun buraxılması və s. barədə fikirlərini də ifadə edib. Bütün bunlar Cənubi Qafqın gələcəyi üçün nikbin olmağa əsas verir. Eyni zamanda, proseslər Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da güclənəcəyini təsdiqləyir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.