Xəbərlər
Sabit və inkişaf naminə

Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7-8 avqust 2025-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri ikitərəfli münasibətlərdə və regional sülh prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmış, tarixi qərarlar qəbul edilmiş, Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan xarici siyasət xətti beynəlxalq miqyasda yüksək qiymətləndirilmişdir.
Vaşinqtonda dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” ikitərəfli münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində irəliyə atılmış mühüm addımlardan biri hesab olunur. Prezident İlham Əliyev Anlaşma Memorandumunu Azərbaycan üçün tarixi nailiyyət adlandırıb: “Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu, Azərbaycan üçün tarixi nailiyyətdir, çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur.” Azərbaycan və ABŞ arasında qurulan strateji tərəfdaşlıq, hər iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, daha sabit, dayanıqlı və təhlükəsiz bir gələcəyin formalaşmasına zəmin yaradır.
Səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan-ABŞ münasibətlərində məhdudlaşdırıcı rol oynayan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə Sərəncam imzalaması ABŞ-nın də Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Sözügedən düzəliş erməni diasporunun ciddi cəhdi ilə dövlət müstəqilliyimizi bərpa etdikdən az sonra tətbiq edilmiş və Azərbaycanı ədalətsiz sanksiyalara məruz qoymuşdu. Prezident İlham Əliyev 907-ci düzəlişinin tətbiqinin dayandırılması qərarını “ədalətin bərpası” kimi qiymətləndirib: “Azərbaycana qarşı həmin məhdudiyyətlər 1992-ci ildə - müstəqilliyinin bərpasından bir il sonra tətbiq edilib. Bizə qarşı tətbiq edilmiş bu məhdudiyyət 33 ildən sonra bu gün aradan qaldırıldı. Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq.” Bu səfər və onun nəticələri, Azərbaycanın xarici siyasətində əlamətdar bir dönüş nöqtəsi olmaqla yanaşı, ölkənin beynəlxalq miqyasda artan nüfuzunun və etibarlı tərəfdaş statusunun təsdiqidir.
Prezident İlham Əliyevin Vaşinqtona etdiyi işgüzar səfərin diqqətçəkən məqamlarında biri də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən tarixi Sammit olub. Bu görüşün yekununda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannaməni imzalayıblar. Birgə Bəyannamənin ilk iki bəndində Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanması və ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair ATƏT-ə birgə müraciətin imzalanması öz əksini tapır. Görünən odur ki, bu sənəd yalnız iki ölkə arasında düşmənçiliyə nöqtə qoymaqla kifayətlənmir, həm də Cənubi Qafqazda yeni əməkdaşlıq dövrünün başlanğıcını müjdələyir. Dövlət başçısının sözləri ilə desək, bu gün yalnız diplomatik protokolun bir hissəsi deyil, həm də Azərbaycan xalqının yaddaşına əbədi həkk olunacaq tarixi hadisədir: “Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı”.
Vaşinqtonda əldə olunan və hər üç liderin imza atdığı Birgə Bəyannamənin dördüncü bəndində öz əskini tapan əsas razılaşmalardan biri də Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin təmin edilməsi ilə bağlıdır. Belə ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı xüsusi nəqliyyat və əlaqə layihəsi Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməyi hədəfləyir və ABŞ tərəfindən dəstəklənir. Bu marşrut regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq, həmçinin dövlətimizin ərazi bütövlüyünün daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir.
Azərbaycanın Prezidentinin “Prezident Tramp Qafqaza sülh gətirir” haqlı ifadəsi ABŞ-ın münaqişələrin həllində, daha doğrusu, qeyri-sabit bölgələri sabitlik adasına çevirməkdə tutduğu qlobal rola təşəkkür mesajıdır: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır”.