Xəbərlər
“Azərbaycan diplomatiyasının tarixi qələbəsi”

”Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonda Prezident İlham Əliyevin Vaşinqton səfərini əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş etdirilib.
Konfransda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Bakı Dövlət Universitetinin Qazax filialının direktor müavini Məmməd Yusifov, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Sosial-iqtisadi Kollecinin müəllimi Türkan Allahverdiyeva, partiya veteranı, şair Cavanşir Rüstəm çıxış ediblər. Natiqlər 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən yüksək səviyyəli tarixi görüşdən, ölkəmizlə Ermənistan münasibətlərinin sülh şəraitində qurulması imkanlarından, dövlətlərarası əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasından ətraflı danışıblar. Bu görüşün regionda sabitliyin möhkəmlənməsinə və dayanıqlı əməkdaşlığın formalaşmasına zəmin yaradacağı qeyd olunub.