Xəbərlər
Kəlbəcər şəhəri dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Səfər çərçivəsində Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının, Kəlbəcər şəhərinin mərkəzində fəaliyyətə başlayan “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak ediblər. Bundan başqa, ölkə başçısı və birinci xanım Kəlbəcər şəhərində salınacaq 3 və 4 cü yaşayış komplekslərinin təməlini qoyublar. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda həyata keçirilən infrastruktur işləri ilə tanış olublar. Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Dövlətimizin başçısı Kəlbəcər sakinləri ilə görüşdə söylədi ki, Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Prezident İlham Əliyev və birinci xanım azad edilmiş ərazilərimizə tez-tez səfər edirlər. Bu səfərlər Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən quruculuq-abadlıq işlərinin dövlətimiz üçün nə qədər mühüm əhəmiyyət daşıdığını vurğulamaqla yanaşı, həm də stimulverici faktor kimi də qiymətləndirilə bilər. Kəlbəcər rayonunun mürəkkəb coğrafi relyefə malik olduğunu, Ermənistanın törətdiyi misli görünməmiş vəhşiliklər nəticəsində bu yaşayış məntəqəsinin infrastrukturunun darmadağın edildiyini nəzərə alsaq, qısa müddət ərzində Kəlbəcərdə görülən işlərin nə qədər böyük çətinliklə həyata keçirildiyini müəyyənləşdirə bilərik. İşğaldan azad edildiyi gündən digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də böyük quruculuq-abadlıq işləri həyata keçirilir və bütün bu proses cənab Prezidentin müəyyənləşdirdiyi yol xəritəsinə uyğun şəkildə gerçəkləşdirilir. Azad olunmuş ərazilərimizə, o cümlədən Kəlbəcərə münasibətdə dövlətimizin başçısının strateji, gələcəyə hesablanmış bir baxış bucağı var.
Prezident İlham Əliyev enerji, yol infrastrukturu sahəsində görülmüş işlərlə tanış oldu. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb.
Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bir daha göstərdi ki, Azərbaycan qısa müddət ərzində işğaldan azad olunmuş əraziləri bərpa etmək, məskunlaşmanı qısa müddətdə reallaşdırmaq niyyətindədir.Bu gün Azərbaycan hökuməti Kəlbəcərə yeni yollar çəkir, yeni kommunikasiyalar qurulur. Dövlətimiz Kəlbəcərdə dünyanın maraq dairəsində olan gözəl bir turizm və müalicə mərkəzi yaratmağı hədəfləyir. Yaxın bir neçə ildə genişmiqyaslı quruculuq işlərinin ilkin mərhələsi yekunlaşdırılacaq və biz onda Vətənimizin bu dilbər guşəsinin yeni vücudunu görə biləcəyik.