Xəbərlər
Abadlıq işləri Kəlbəcərin simasını dəyişir

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Tarixi sahibinə qovuşmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Bütün bunlar Azərbaycan dövlətinin gücünü, qüdrətini, bütün tarixi torpaqlarında yeni həyatın başlanması istəyini nümayiş etdirir.
Qısa zamanda görülən işlərin miqyasının ölçüyəgəlməzliyi dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərinə qayıdan sakinlərlə görüşündə, onlara evlərin açarının verilməsində özünün aydın ifadəsini tapır. Görülən işlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin fonunda cənab İlham Əliyev bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar: “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub”.
Torpaqlarımızın işğaldan azad edilməsini qürurunu yaşamaqla bərabər, hər zaman 30 illik işğal dövründə yaşadığımız faciələri də təhlil edir, ərazilərimizin işğalını şərtləndirən amilləri bir daha diqqətə çatdırmağı vacib bilirik. Çünki bunlar çoxəsrlik tariximizin faciəli səhifələridir. Tariximizin hər bir səhifəsini öyrənmək və indiki, gələcək nəsillərə çatdırmaq hər kəsin vətəndaşlıq borcudur. Dövlətimizin başçısı İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə də bu çağırışı etdi ki, biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir: “Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik”.
Dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul etdi. Bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər ölkəmizə hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. Gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu, bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur.
Hazırda əsas hədəf azad edilmiş ərazilərimizi cənnət məkana çevirməkdir. Görülən işlərin miqyası böyükdür. Soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışı, burada yeni həyata başlaması hər birimizi sevindirir. Dövlət başçısı İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə “Bizim işimiz quruculuqdur” söyləyərək onu da əlavə etdi ki, bu gün bu gözəl binaların ətrafında görüşümüz də çox böyük rəmzi məna daşıyır. Ermənilər buranı dağıdıblar, biz isə qurub-yaratmışıq.